«Qala həyat» sığorta şirkəti Azərbaycanda ilk dəfə olaraq zərərsiz və itkisiz həyat sığortası məhsulunu işə salıb.
FED.az xəbər verir ki, bu barədə «Qala Həyat» şirkətinin idarə heyəti sədri vəzifəsini icra edən Azər Əlizadə, bu gün şirkətdə keçirilən «Açıq qapı» günündə elan edib.
Onun sözlərinə görə, yeni sığorta məhsulu bir illikdir. Ondan 18-60 yaş arası bütün vətəndaşlar istifadə edə bilər. Bu məhsul istənilən səbəbdən ölüm halları və yaşam halı üzrə nəzərdə tutulub. «Zərərsiz və itkisiz» sığorta üzrə sığorta haqqı illik 150 manatdan, sığorta məbləği isə 500 manatdan başlayır.
Sığorta məhsulunun unikal cəhəti ondan ibarətdir ki, ölüm hadisəsi olmayanda ödəniş, yəni sığorta haqqı geri qaytarılır. Ödənişin geri qaytarılması ilə bağlı iki paket təqdim edilir. Birincidə sığorta haqqı 100%, ikinci paketdə isə 60% geri qaytarılır.
Yeni sığorta məhsuluna əlaə xidmətlər də daxildir.Belə ki, bu üsulla sığorta olunanlar Avropa hüquq xidmətlərinin hüquq məsələhətləriən yararlana bilərlər. A.Əlizadə bildirib ki, bu hal Azərbaycandakı həyat sığortası şirkətləri arasında ilk dəfədir ki, müştəriyə hüquqi xidmət pulsuz göstərilir: «Hətta işlər məhkəməyə çatana qədər hüquqşünaslar bütün prosesi aparırlar».
Sığorta haqqı 2000 manatdan artıq olanda isə əlavə olaraq «Sfera» şirkətindən tibbi məsləhətlər və «Qala sığorta»dan 14 günlük səfər sığortası hədiyyə veriləcək.