“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 14.-1 maddəsinə əsasən Peşəkar mühasib sertifikatinin müddəti 5 il müəyyən edilmişdir. FED.az xəbər verir ki, həmçinin ikinci dəfə sertifikat aldıqdan sonra isə sertifikatin müddəti ömürlük təyin edilir.
Eləcə də bax: Mühasiblər üçün yeniliklər – QANUN DƏYİŞDİ, TAM MƏTN
Sözü gedən maddənin məzmunu aşağıdakı kimidir:
Maddə 14-1. Peşəkar mühasib sertifikatının verilməsi
14-1.1. Peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
14-1.2. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14-1.3. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır.
14-1.4. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.”.
2.1.19. Peşəkar mühasib – müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
2.1.20. Peşəkar mühasib sertifikatı – şəxsin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçdiyini və “Peşəkar mühasib” səviyyəsinə uyğunluğunu təsdiq edən sənəddir.