"AtaBank" ASC "FitchRatings" şirkəti ilə əməkdaşlığı dayandırıb.
Bu barədə FED.az-a bankdan bildirilib. Bank bu qərarını xaricdən pul cəlb etməyə ehtiyacının olmaması ilə izah edib. Bankın açıqlamasında deyilir ki, kKredit reytinqi əsasən xarici bazarlardan vəsaitlərin cəlb olunması zamanı investorlar tərəfindən tələb olunur. Bu gün daxili bazardan xarici bazarlarla müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan reytinqin saxlanılmasına ehtiyac qalmayıb. Bu səbəbdən də "FitchRatings" şirkəti ilə "AtaBank" arasında mövcud olan və müddəti sona çatan müqavilənin uzadılmamasına qərar verilərək əməkdaşlıq dayandırılıb.
Eləcə də bax: Kreditini qaytara bilməyən nə etməlidir? – BANKİRDƏN MƏSLƏHƏT
Eyni zamanda, bank növbəti illərdə xarici bazarlardan vəsait cəlbetmə ehtiyacı hiss edərsə, "FitchRatings" şirkəti və ya digər beynəlxalq reytinq şirkətləri ilə əməkdaşlığı bərpa edəcəyini istisna etmir.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.