Bu gün hər bir avtomobil alıcısını maraqlandıran ən önəmli məqamlardan biri, alacağı avtomobilin bazar qiymətinin tez zamanda ucuzlaşmamasıdır. Avtomobil mərkəzləri bunu gizlətməyə çalışırlar və bildirirlər ki, onların satdıqları marka qiymətini hər zaman qoruyur.
Amma bəllidir ki, ili ötdükdə və ya alınan model 40 min kilometr sürüldükdə o avtomobilin qiyməti 10-20% arası ucuzlaşır. Avtomobil mütəxəssislərinin sözlərinə görə isə hər bir avtomobilin zəmanət müddəti bitdikdə və 100 min kilometr sürüldükdə qiymət 20%-dən 50%-dək enir.
Eləcə də bax: Azərbaycan-İran birgə avtomobilləri belə olacaq - FOTO
FED.az oxucu marağını nəzərə alaraq avtomobil bazarında ən tez ucuzlaşan marka modelləri araşdırdı.
Bu modellər satılmır, üstümüzdə qalır
“Okean” avtosalondan bildirdilər ki, bazarda qiyməti daha tez ucuzlaşan avtomobil əsasən 2011/2013-cü il istehsalı olanlardır. Bu markalar “Honda”, “Mazda”, “Opel” və “Ford”dur. Salonun satış menecerinin sözlərinə görə, bu markalar əsasən 15-20 gündən bir 1000-1200 manat civarında ucuzlaşır. Bu ucuzlaşmaya səbəb kimi isə bildirdilər ki, adıçəkilən markaların alıcılıq qüvvəsi çox zəifdir.
Bahalı avtomobillər tez ucuzlaşır
“Avto 200” avtosalonun satış meneceri bildirir ki, bazarda bahalı, təxminən 50 min dollardan yuxarı olan maşınlar daha tez ucuzlaşır. Qiyməti tez ucuzlaşan avtomobil markalarına misal olaraq “Cadillac” və “BMW M5” göstərilir. Məlumatlı mənbənin sözlərinə görə, bu marka və modellərin qiyməti əsasən 1 aydan bir və 1000-1500 manat arası düşür.
“Məsələn, yanvar ayında bazara 95 min dollara çıxarılan 2012-ci ilin “BMW M5”inin qiyməti indi 93 min 800 dollara düşüb”.
Qiymətlər ilbəil ucuzlaşır
“Avto Sun” avtosalondan bildirdilər ki, “Volkswagen”, “BMW” və “ AUDI” avtomobil bazarında qiyməti daha tez ucuzlaşan markalardır. Məlumata görə, bu markalar ilbəil və 1000-1500 manat arası ucuzlaşır.
Eləcə də bax: “Ehtiyac olsa, xarici avtomobillərə rüsumu artaracağıq”
Satış menecerinin sözlərinə görə, “Volkswagen”in ən çox “Touareq” modeli ucuzlaşır. Belə ki, bu ilin fevral ayında bazara 25 min 500 dollara çıxarılan 2010-cu il istehsalı olan “Touareq”in indiki qiyməti 23 min dollardır.
“Bu proses “AUDI” və “BMW”də də belədir. “BMW”də idman stilli olduğu üçün ən tez qiymətdən düşən “M5”-dir, “AUDI”də isə “A5 modelidir”.
Satış meneceri deyir ki, qiymət enməsi əsasən bu modellərin 2011-2014-cü illərin istehsalında müşahidə olunur.
Bu markaları avtosalonlar da yaxın buraxmır
Səyyar avtomobil satıcısı Orxan Fətəliyev bildirir ki, istənilən marka avtomobillər istehsal müddətindən 1 il sonra 10-20%, 2 il ötdükdə 25-30%, 3 il sonra isə hətta 50%-ə qədər ucuzlaşır.
10 ildir bu bazarda aktiv satışla məşğul olan Orxanın sözlərinə görə bəzi spesifik markalar var ki, onların alıcılıq qabiliyyəti çox aşağı olduğu üçün qiymətləri də tez zamanda ucuzlaşır. Bu qiymət enməsi əsasən istehsal müddəti bir neçə il əvvələ aid, mənə 2010-2015-ci illərin modellərində qeydə alınır:
Eləcə də bax: Azərbaycan-İran birgə avtomobillərinin qiymətləri açıqlandı
“Belə avtomobilləri avtosalonlar da yaxın buraxmır. Bunlar əsasən “Mazda”, “Honda”, “Ford” markaları və bəzi bahalı “BMW” modelləridir. 2010-cu ilin “Mazda CX 7”si yanvar ayında bazara 10 min dollara çıxarılır, mart ayında görürsən ki, qiyməti 9500-9000 dollara düşüb. “Honda”da da həmçinin. Bu markanın az satıldığı üçün qiyməti daha tez düşən modeli “CR-V” modelidir. Bu model də bazara 22 min dollara çıxarılır, 1-2 aya 20 min dollara düşür.
Qiymətlər əsasən zamanın şərtlərindən, valyutanın dəyərindən asılı olaraq dəyişir. Bu modellər elə olur ki, 1 aya, elə olur ki, 3 aya ucuzlaşır. Çünki bu marka və modellərin böyük alıcı kütləsi yoxdu”.
Bu avtomobillər hər ay ucuzlaşır – AVTOMOBİL BAZARI
16:44
5 Aprel 2018