Azərbaycanın sığorta şirkətləri əhalidən topladıqları hər 100 manat sığorta haqqının 31 manatını ödəniş kimi müştərilərinə qaytarırlar.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayıb. Palatanın açıqladığı hesabata görə, yanvar-fevral aylarında sığorta şirkətləri 130 milyon manat sığorta haqqı toplayıb, əvəzində 40 milyon yarım ödəniş ediblər. Sığorta haqqının böyük hissəsi, yəni təqribən 107 milyon manatı könüllü sığortanın, 23 milyon manat isə icbari sığortanın payına düşüb.
Eləcə də bax: Sığorta bazarının 62%-i iki şirkətdə cəmləşir
Avtomobillərin icbari sığortası şirkətlər üçün hələ də ən zərərli sığorta növlərindən biridir. Belə ki, ilk iki ayda avtomobil sahibləri şirkətlərə 11 milyon 300 min manat icbari sığorta haqqı ödəyiblər. Əvəzində baş verən qəzalara görə, 8 milyon 200 min manat ödəniş alıblar. Başqa sözlə, bu sığorta növü üzrə yığılan hər 100 manatın 72 manatı ödəniş kimi avtomobil sahiblərinə qaytarılıb.
Bəzi sığorta növləri üzrə ümumiyyətlə ödəniş olmayıb. Bunlar işçilərin dələduzluğundan sığorta, peşə məsuliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığortadır.
Azərbaycanda ən zərərli sığorta növləri – RƏQƏMLƏR
09:35
27 Mart 2018