Azərbaycanın tanınmış banklarından olan «Bank of Baku» müştərilərdən əmanət qəbulunu dayandırmalı olub. FED.az-ın məlumatına görə, «Bank of Baku»ya əmanət artıq bir aydır ki, əmanət qəbul etmir.
Bankdan FED.az-a verilən açıqlamada əmanət qəbulunun dayandırıldığı təsdiqlənib. Bank bunu izafi likvidliklə əlaqələndiriblər: «Likvidlik göstəricilərin yüksək olması səbəbindən (əmanətlərin qəbulu) müvəqqəti olaraq dayandırılıb».
Bankdan bildiribler ki, hazırda bütün bank sektoru izafi likvidlikdən əziyyət çəkir: «Mərkəzi Bankın və Palatanın hesabatlarından görmək olar ki, bank sektoru bu gün izafi likvidlikdən əziyyət çəkir. 2015-ci ildə devalvasiyalardan sonra banklar kredit və digər risklərin qiymətləndirilməsində çox konservativ yanaşma göstərdilər və iqtisadi artımla bağlı proqnozları aşağı idi. Lakin, 2017-ci ilin ikinci yarısından sonra iqtisadiyyatda canlanma müşahidə olundu və bankımız real sektorun kreditləşdirilməsini artırdı».
Əmanət qəbulunun dayandırılması bankın ümumi depozit portfelinin 5%-nin itirilməsi ilə nəticələnib. Eyni zamanda bəzi əmanətçilər bankdan pullarını çəkməyə başlayıblar.
Amma «Bank of Baku»dan FED.az-a verilən açıqlamada vəziyyətin dramatikləşdirməməyə çalışıb: «Əmanətlərin qəbulu dayandırıldıqdan sonra bankdan öz əmanətlərini çəkən əmanətçilərin sayı bank üzrə orta statistik göstəricini keçmir».
Bankdan əmanət qəbulunun nə vaxt başlanacağı dəqiq göstərilməsə də, bildirilib ki, bu gələn ilin birinci rübünə gözlənilir: «2018-ci ilin ilk rübündən etibarən bərpa olunması gözlənilir».
Bankda əmanət qəbulunun dayandırılmasını izafi likvidliklə izah etsələr də, qeyd etmək lazımdır ki, izafi likvidliyi olan digər banklar əmanət qəbulunu dayandırmayıblar və vəziyyəti başqa formada idarə edirlər. Məsələn əmanət faizlərini aşağı almaq və yeni məhdudiyətlər tətbiq etməklə (bax: Banklarda yeni və maraqlı əmanət şərtləri – SİYAHI)
FED.az-ın ehtimallarına görə, «Bank of Baku»nun əmanət qəbulunu dayandırmasının əsas səbəbi bankın qarşıdakı aylarda «AFB Bank»la birləşməsi ilə bağlı planlar və bununla bağlı bankda aparılan hazırlıq və sağlamlaşdırma işləridir (bax: Azərbaycanda daha iki bank birləşir).
Məsələ bundadır ki, hazırda «Bank of Baku»nun maliyyə göstəriciləri ürəkaçan deyil. Bank 2017-ci ilin ilk 9 ayını 31,9 milyon manat zərərlə başa vuraraq, həmin dövrdə ən çox zərər edən iki bankdan biri olub (bax: Ən çox zərərlə işləyən banklar – SİYAHI).
Bankın kapitalı isə tələb olunan həddən (50 milyon manat) aşağıdır və 40,5 milyon manat təşkil edir. «Bank of Baku» bu göstərici ilə «qırmızı zonada» olan bankların sırasındadır (bax: “Qırmızı zona”da olan banklar – 8 BANK, SİYAHI).
Zərər göstəricisi ilə razılaşmaq olardı, amma bank bu ilin sonunadək kapital problemini ya həll etməli, ya da bununla bağlı ilkin addımlar atmalıdır. Təsadüfi deyil ki, 2018-ci ilin elə ilk iş həftəsində, yanvarın 8-də bankın səhmdarlarının iclası keçiriləcək (bax: "Bank of Bak"nun səhmdarları növbədənkənar toplaşır). Toplantının gündəliyi açıqlanmasa da, bankdan işarə ediblər ki, hazırki situasiya ilə bağlı bəzi məsələlərin həlli ilə bağlı qərarlar həmin iclasda verilməlidir.
Azərbaycanda daha bir bankda problem – ƏMANƏT QƏBULUNU DAYANDIRDI
19:08
7 Dek 2017