Azərbaycanda fəaliyyət göstərən işədüzəltmə şirkətləri dövlət qurumlarının nəzarətinə götürüləcək.
Bu barədə FED.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Nazirlikdən bildirilib ki, məqsəd ölkədəki real iş yerləri və işə düzələn vətəndaşlar barədə dəqiq məlumat almaqdır. Bu tədbirlər Azərbaycanda qeyri-formal məşğulluğun aradan qaldırılması ilə bağlı Tədbirlər Planı çərçivəsində aparılır.
Nazirlikdən bildirilir ki, hazırda Azərbaycanda pulla işədüzəltmə xidməti təklif edən kifayət qədər özəl işədüzəltmə (rekrutinq) şirkətləri var. Bu şirkətlərin artması ölkədə əmək bazarının inkişafından xəbər verir. Bu da əmək bazarında gərginliyin aradan qaldırılmasına, əhalinin işlə təmin edilməsinə, boş iş yerləri (vakansiyalar) haqqında əlavə məlumat əldə edilməsi imkanını artırır.
Bununla yanaşı nazirlik bildirir ki, özəl işıdüzəltmə şirkətləri öz fəaliyyətləri barədə nazirliyə məlumat verməli olacaqlar. Hazırda işədüzəltmə şirkətləri faktiki olaraq heç bir quruma hesabat vermir. Onlar yalnız sahibkarlıq fəaliyyəti ilə bağlı olaraq vergi xidmətində qeydiyyata alınır və vergi ödəyicisi kimi Vergilər Nazirliyinə hesabat verirlər. Bu da indiki qanunvericiliyə uyğundur. Amma ƏƏSMN-yi əmək bazarına daha yaxşı nəzarət etmək üçün həmin şirkətlərdən də hesabat istəyəcək.
Nazirlikdə hesab edirlər ki, işədüzəltmə şirkətləri buradakı həm iş yerləri, həm də iş axtaran vətəndaşlar haqqında məlumat verməlidirlər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilərək işədüzəltmə şirkətləri qarşısında belə tələb qoyulacaq: «işçi qüvvələrinin düzgün yerləşdirilməsi baxımından həmin şirkətlərin fəaliyyətinin tənzimlənməsinə və bu sahədə normativ-hüququ bazanın dəyişdirilməsinə ehtiyac var»-deyə nazirlikdən FED.az-a bildirilib.
Nazirlikdə bildirilir ki, burada məqsədlərdən biri real olaraq axtaran vətəndaşların müəyyən edilməsidir: «Ola bilər ki, həmin şəxs bizdə işsiz kimi qeydiyyatdan keçib müavinət alır, amma reallıqda o artıq iş tapıb və işləyir. Yeni yanaşma bu halların qarşısını almalıdır».
Yeni tətbiq olunacaq qaydalara görə, işədüzəltmə şirkətlərinin hamısı Vergilər Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də hesabat verməli olacaqlar: «İndiyədək onlar adi hüquqi şəxs kimi işləyirlər. Ona görə də nazirlik nə işə düzələnlər, nə də iş yerləri haqqında məlumat ala bilmirdilər. Bundan sonra isə məlumat verəcəklər».
Amma vergilərə verilən hesabat sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu halda, ƏƏSMN-ə verilən hesabatda iş yerləri, iş axtaran vətəndaşlar, eləcə də artıq iş tapmış vətəndaşlar barədə məlumat olacaq. Nəticədə vahid vakansiya bazası yaranacaq və bu baza məşğulluq sisteminə inteqrasiya ediləcək.
Ama yeniliklər təkcə işədüzəltmə şirkətlərinə deyil, bütün şirkətlərə aid olacaq. Nazirlik, ümumiyyətlə, ölkədəki bütün özəl şirkətlərdən iş yerləri barədə məlumatı tələb etmək niyyətindədir. Qeyd edək ki, belə tələb indi də mövcuddur və qanuna görə, büün şirkətlər və dövlət qurumları buradakı boş iş yerləri- vakansiyalar haqqında məlumatları məşğulluq xidmətinə verməlidirlər. Hətta bunu etməməyə görə cərimə də nəzərdə tutulub. Amma müşahidə göstərir ki, şirkətlər bu tələbə o qədər də əhəmiyyət vermirlər, ona görə də məşğulluq xidməti vakansiyaların əksəriyyətindən xəbərsiz olurdu.
İndi isə vəziyyət dəyişəcək. Əvvəla bu cərimələrin məbləğinin bir neçə dəfə, bəzi təkliflərə görə 1012 dəfər artırılması nəzərdə tutulur. İkincisi bu prosesə nəzarət də daha ciddi və sistemli olacaq. Belə ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən şirkətlərdən tələb olunacaq ki, onlar buradakı vakansiyalar barədə məşğulluq xidmətinə dərhal məlumat versinlər. «Əgər şirkət yaradılırsa, deməli burada işləyənlər də olacaq, tələbimiz də odur ki, bütün iş yerləri haqqında bizə məlumat versinlər». Amma bu tələb şirkətlərə manne olmayacaq ki, özlərinə işədüzəltmə şirkətləri vasitəsilə də iş axtarsınlar. Başqa sözlə, şirkət öz iş yerləri haqqında məşğulluq xidmətinqə məlumat verməklə yanaşı, işçiləri işədüzəltmə şirkətləri vasitəsilə də axtara biləcəklər.
Azərbaycanda işədüzəltmə şirkətləri nəzarətə götürüləcək – YENİLİK
09:35
23 Noy 2017