Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlak açıq hərracda satılacaq.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bununla əlaqədar “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nı təsdiq edib.
Sənəddə özünüməşğulluğa cəlb olunmuş şəxsdən əmlakın hansı hallarda geri alınması və açıq hərracın təşkilinə dair prosedur əksini tapıb.
Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 24 avqust tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilb. Fərmana əsasən, Nazirlər Kabinetinə 4 ay müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılmışdı.
Qeyd edək ki, Özünüməşğulluq Proqramına cəlb edilmiş şəxslər təlimlərə cəlb edilir. Daha sonra müvafiq mərhələni keçən şəxslər bizneslərini, təsərrüfatlarını yaratmaq üçün dövlət büdcəsi vəsaiti hesabına aktivlərlə təmin edilirlər.