Dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb. FED.az xəbər verir ki, London birjasındakı hərracların gedişində «Brent» markalı neftin qiyməti 2019-cu ildə ilk dəfə olaraq 59 dollardan aşağı düşüb.
Neftin bu dəfəki ucuzlaşmamsı ABŞ-la Çin arasındakı ticarət müharibəsi nəticəsində baş verib. Sentyabr müqavilələri üzrə Brentin qiyməti 1,32% ucuzlaşaraq 50,02 dollara enib. Hazırda qiymət 59,55 dollardır.
«WTI» markalı neftin qiyməti də 1,81% azalaraq 53,7 dolları görüb. Hazırda qiymət 53,6 dollardır.
Neftin ucuzlaşması Azərbaycan neftinin qiymətinə də təsir edib. Avqustun 5-də keçirilən hərracların nəticəsi olaraq «Azeri Light» markalı neftin bir barrelinin qiyməti 1,79 dollar azalaraq 62,95 dollara düşüb. Dünənki qiymət isə bir qədər sonra açıqlanacaq və onun bir qədər azalacağı şübhəsizdir.
Qeyd edək ki, neftin qiymətinin bu həddə enməsi Azərbaycan üçün də mənfi haldır. Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. Hələ bir neçə gən əvvəl prezidentin sədrliyi ilə keçirilən müşavirədə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov məlumat vermişdi ki, dünya bazarında neft büdcədəki qiymətdən 6 dollar baha satılır. Amma hazırda qiymətlər demək olar ki, büdcədəki həddə yaxınlaşıb.