Bütün dünyada olduğu kimi, Azərbaycanda da korporativ sektor inkişaf etdikcə onun ayrılmaz elementləri də özünü göstərməkdədir. Bunlar korporativ idarəetmə və biznes etikası ilə yanaşı, həm də korporativ stil və «dres kod»lardır.
FED.az xəbər verir ki, Azərbaycan biznesinin ən çox inkişaf etmiş sahəsi maliyyə sektoru olduğuna görə, «dres kod» məhz banklarda daha çox diqqəti cəlb edir. Bu gün bəzi bankların əməkdaşlarını hətta bankdan kənarda da geyimlərindən tanımaq mümkündür.
«Dress code» - şirkətin həm sektorun tələbatı, həm də öz stilinə uyğun olaraq müəyyənləşdirdiyi xüsusi geyim qaydalarıdır. Azərbaycanda iş geyim forması tətbiq edilən və bu sahədə ən maraqlı standartları olan banklardan biri ciddi korporativ ənənələri olan «AGBank»dır.
Bankda geyim forması işçilərin cinsi ilə yanaşı, həm də bankda tutduğu mövqeyə görə də dəyişir. İşçilər geyim tələblərinə görə, şərti olaraq iki yerə ayrılır –əməkdaşlər və rəhbər işçilər.
«AGBank»da rəhbər işçilər dedikdə - Baş Direktorlar, Departament Direktorları (və müavinləri), Filial direktorları (və müavinləri) sayılır.
«AGBank»dakı «dres kod»un detalları ilə tanışlıq göstərir ki, bu tələblər müasirlik və ofis stili ilə yanaşı, həm də işçilərin və müştərilərin maksimum işə fokuslanmasına yönəlib.
Beləliklə…
ƏMƏKDAŞ QADINLARIN GEYİM FORMASI
Bankda xanım əməkdaşlar üçün geyim qaydaları ənənəvi ofis stilindədir:
Köynək: ağ, altını göstərməyən, klassik yaxalıqlı olmalıdır. Yaz-yay (aprel-sentyabr) aylarında qısaqol köynək geyinmək olar.
Ətək: qara, altını göstərməyən, klassik, sadə biçimli, əlavə applikasiyasız. Ətəyin uzunluğu isə dizə qədər və ya dizdən maksimum 4 sm yuxarı olmalıdır.
«AGBank»da xanım əməkdaşlar şalvar geyinə bilər. Amma aşağıdakı qaydaları pozmamaq şərtilə:
Şalvar: qara, altını göstərməyən, klassik, düz biçimli, əlavə applikasiyasız olmalıdır. Trapesiya, kapri, bridc formasında olmamalıdır. Şalvarın uzunluğu isə ayaqqabını qismən örtməlidir.
Xanımların pencəkləri qara, klassik, əlavə applikasiyasız (bəzək-düzəksiz) olmalıdır. Jaket və jiletlər isə qara, klassik, nazik toxunma parçadan olmalıdır.
Qaydalar həmçinin xanımların corablarına da aiddir - ilin fəslindən asılı olmayaraq corablar şəffaf, naxışsız olmalıdır.
Bankda çalışan xanım əməkdaşların ayaqqabısı qara, klassik, dabanı (kabluk) 8 sm-ə qədər olmalıdır. Fəsildən asılı olmayaraq digər formada və tərzdə ayaqqabılar geyinmək qadağandır.
Minimum bijuteriya, minimum makiyaj
«AGBank»dakı «dres kod» xanım işçilərin iri, nəzərə çarpan bijuteriya geyinmələrini də qadağan edir. Saçlar isə daranmış və yığılmış olmalıdır.
Makiyaj isə açıq tonlarda, təbii olmalıdır, gecə makiyajı, parlaq rəngdə dodaq boyası, tünd rəngli ənlik, rəngli göz kölgələri və s. qadağandır.
Xanımların dırnaqların uzunluğu isə 5 mm qədər olmalıdır. Dırnaq üçün lak açıq rənglərdə olmalıdır (açıq çəhrayı, süd rəngi, fransız manikürü).
Ətir istifadə edən xanımlar ətri yalnız özləri hiss edə biləcəkləri şəkildə vurmalıdırlar, ağır ətirlərdən istifadə etmək qadağandır
RƏHBƏR QADINLARIN GEYİM FORMASI
«AGBank»da rəhbər xanımların geyiminə tələblər nisbətən yumşaqdır:
Don: qara, tünd göy, boz, altını göstərməyən, klassik biçimli olmalı, donun uzunluğu isə dizə qədər və ya dizdən maksimum 4 sm yuxarı olmalıdır.
Əməkdaş xanımlardan fərqli olaraq rəhbər vəzifə tutan xanımlar fərqli rəngdə ətək geyinə bilərlər. Ətək qara, tünd göy, boz, altını göstərməyən, klassik biçimli olmalıdır.
Rəhbər xanımların kostyumları əməkdaş xanımlardan fərqli olaraq qara, tünd göy, boz, klassik biçimli ola bilər. Eyni qaydalar rəhbər xanımların şalvar geyimlərinə də aiddir.
Bankın kişi əməkdaşları isə iş saatlarında aşağıdakı kimi geyinməlidirlər.
Köynək ağ, klassik yaxalıqlı. Yaz-yay (aprel-sentyabr) aylarında qısa qol köynək geyinmək olar
Kostyum qara, 1 və ya 2 bortlu, klassik olmalı qalstuk isə qara, naxışsız olmalıdır.
Corablar qara, klassik saçlar təmiz, səliqə ilə kəsilmiş, daranmış olmalıdır. Həmçinin üz təmiz təraş edilmiş olmalıdır. Saqqal saxlamaq, taraşsız olmaq qadağandır. Dırnaqlar tam tutulmuş şəkildə olmalıdır.
Rəhbər kişilərin geyimləri
«AGBank»da rəhbər vəzifədə olan kişilərə əməkdaşlardan fərqli olaraq, xanımlarda olduğu kimi, icazə verilir ki, yalnız qara rəngdə kostyum yox həmçinin qara, tünd göy, boz kostyumlar da geyinsinlər. Amma kostyumlar klassik, 1 və ya 2 bortlu olmalıdır.
Rəhbər kişi işçilərin qalstukları klassik gözə çarpmayan naxışlarla ola bilər. Halbuki əməkdaşlarda qalstuklar yalnız sadə qara rəngdə ola bilər.
İT Service işçiləri hər yerdə eynidir
Bankda daha sərbəst geyim İT Service Desk xidmətinin əməkdaşlarının formasıdı. Şəbəkə administrasiyası xidmətinin əməkdaşları, kompüterlərin quraşdırılması, kabellərin çəkilməsi işlərini biləvasitə yerinə yetirən əməkdaşlar, işə «casual» - sərbəst geyim üslubunda gələ bilərlər.
İnzibati Departamentin və İT blokunun normal ofis şəraitində işləyən əməkdaşları və rəhbərləri Bankın digər əməkdaş və rəhbərlərinə şamil olunan geyim qaydalarına riayət etməlidirlər.
Qara kostyum, 8 sm-lik "kabluk" və təraşlı üz – «AGBank»da necə geyinirlər?
15:29
26 İyul 2019