Maliyyə Nazirliyi, Ucar Mərkəzi rayon Xəstəxanasının inventarın alınmasına 35 milyon manat xərclədiyi barədə iddialara cavab verib.
FED.az xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəhbəri Mais Priyev "Marja"ya bildirib ki, Ucar rayonu üzrə ümumi xərclər 7 milyon manat olduğu halda, rayon xəstəxanası üçün inventarın alınmasına 35 milyon manat xərcləndiyi barədə yazılanlar absurddur:
Eləcə də bax: Azərbaycanda bu qurumun bütün tenderlərini - BİR ŞİRKƏT UDUB – SİYAHI
"Ötən gün saytlardan birində “Böyük tender talanı: Məntiqə sığmayan anomal xərclər” sərlövhəli məqalədə qeyri-dəqiq və absurd məlumatlar dərc edilərək ayrı-ayrı dövlət qurumlarının ünvanına əssasız ittihamlar səsləndirilib. Məqalədə Ucar Mərkəzi rayon Xəstəxanası üzrə bəzi inventarların və avadanlıqların alınması ilə bağlı göstərilən rəqəmlərin ilkin baxışda ən azı yüz dəfə şişirdildiyi məlum olur.
Məsələn, məqalədə iddia olunur ki, Ucar Mərkəzi rayon Xəstəxanasına bəzi inventarların alınması üçün 13 milyon 231 min manat, avadanlığın alınması üçün 11 milyon 748 min manat, dəftərxana və təsərrüfat malları alınması üçün 9 milyon 747 min manat ayrılıb. Təkcə bir faktı qeyd edim ki, 2019-cu ildə Ucar Mərkəzi rayon Xəstəxanasına dəftərxana və təsərrüfat mallarının alınması üçün cəmi 89 min manat nəzərdə tutulub.
Sual olunur, “2019-cuil dövlət büdcəsi haqqında” qanunda Ucar rayonu üzrə ümumilikdə xərclər 7 milyon 248 min manat təşkil etdiyi halda, təkcə rayon xəstəxanası üçün inventarların və avadanlıqların alınmasına üst-üstə 35 milyon manata yaxın vəsait necə xərclənə bilər?!
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə dövlət büdcəsinin səhiyyə xərclərində Ucar rayon yerli xərcləri üzrə cəmi 2 milyon 935 min manat vəsait nəzərdə tutulub ki, həmin vəsaitin 2 milyon 76 min manatını və ya 70,7%-ini əməkhaqqı ödənişi ilə əlaqədar xərclər təşkil edir.
Hesab edir ki, bəzi mətbu orqanlar hazırladıqları məqalələrə, o cümlədən maliyyə-iqtisadi mövzulara ciddi, məsuliyyətli və peşəkar yanaşmalı, dövlət qurumları haqqında mənfi rəy yaratmağa çalışmamalıdırlar".
Eləcə də bax: Doğrudanmı tenderlər düzələcək?! - Tender elanı, iştirak haqqı və ehtimal qiymət
Bununla yanaşı, FED.az olaraq qeyd edək ki, Ucar Rayon Mərkəzi Xəstəxanasının keçirdiyi satınalmalarında qəribəlik, satınalmaların məbləği ilə deyil, bu sifarişlərin bölüşdürülməsi ilə bağlıdır.
FED.az-ın apardığı kiçik araşdırma zamanı məlum olub ki, Ucar Xəstəxanasının 2018-ci ildəki bütün tenderlərini (ümumi məbləğ 471 min manat) yalnız bir şirkət «İnpeks İ» MMC udub. Müxtəlif xidmətləri və malları əhatə edən satınalmaların hamısına bir şirkətin qalib gəlməsi olduqca maraqlı və dövlət qurumları tərəfindən də araşdırılmalı məsələdir.