Azərbaycanda xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycana yeni təyin edilmiş səfiri Xeyrullah Spelenay ilə görüşdə bildirib.
Görüşdə ikitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Şahin Mustafayev 2018-ci ildə ticarət dövriyyəsinin 37%, 2019-cu ilin birinci rübündə isə 46% artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.
Eləcə də bax: Azərbaycanda tələbə krediti sistemi başlayır - RƏSMİ
Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişləndirilməsi baxımından iş adamları arasında görüşlərin təşkilinin faydalı olacağını qeyd edib. Səfir ölkəsinə göstərdiyi yardımlara görə Azərbaycana təşəkkürünü bildirib.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.