Hazırda Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayon ərazisində qəzalı və yaşayış üçün təhlükəli vəziyyətdəki obyektlərdə 8485 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında bildirilib.
İclasda məcburi köçkünlərin qəzalı vəziyyətdə olan məskunlaşma obyektlərindən yeni mənzillərə köçürülməsi ilə bağlı bu ilin birinci rübündə görülmüş işlər, qarşıya çıxan çətinliklər barədə geniş müzakirə aparılıb. Bildirilib ki, hesabat dövründə Bakı şəhərinin Qaradağ rayonu ərazisindəki “Ümid” qəsəbəsində ikinci mərhələdə inşa edilmiş 300 mənzildən ibarət məhəllədə, Abşeron rayonu ərazisindəki 1005, Sumqayıt şəhərindəki 1001 mənzilli yaşayış komplekslərində məcburi köçkünlərin yerləşdirilməsi başa çatdırılıb. Yeni mənzillərə birinci növbədə ən ağır şəraitdə yaşayan ailələlər, həmçinin məcburi köçkün olan şəhid və əlil ailələri köçürülüb.
Qeyd olunub ki, köçürülmə obyektlərində daşınmaz əmlakı, qeydiyyat uyğunsuzluğu olan məcburi köçkünlər aşkar edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"na əsasən, onlara yeni yaşayış sahəsi verilmir. Bundan başqa, müvəqqəti məskunlaşma obyektlərində məcburi köçkün statusu olmayan şəxslərin və ailələrin yaşaması faktları da aşkar edilir ki, bu da köçürülmə prosesində ciddi problemlərin yaranmasına gətirib çıxarır. Belə bir fakt diqqətə çatdırılıb ki, təkcə Abşeron rayonunda 1, Sumqayıtda 2, Bakıda 18 qəzalı vəziyyətdə olan yataqxana və tədris korpusunda məcburi köçkün statusu olmayan 655 ailə və ya 2.032 nəfər məskunlaşıb. Bu da ümumilikdə həmin obyektlərdə məskunlaşanların 37 faizini təşkil edir. Dövlət Komitəsinin yerli sektor və nümayəndəliklərinə tapşırılıb ki, belə halların vaxtında aşkarlanması və təxirəsalınmaz tədbirlər görülməsi üçün komitəyə məlumat versinlər və yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq tədbirlər görsünlər.