Azərbaycanda dövlət satınalmaları üzrə elanların yerləşdirildiyi etender.gov.az portalında bəzi tender elanları tender başa çatdıqdan sonra yerləşdirilir. FED.az-ın müşahidələri göstərir ki, sonuncu belə hallar Mədəniyyət Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC və M.F.Axundov adına Mərkəzi Kitabxananın tenderlərində müşahidə edilir.
Belə ki, M.F.Axundov adına Mərkəzi Kitabxananın aprelin 11-də imzaladığı müqavilələr üzrə tender elanları sistemə aprelin 26-da yerləşdirilib. Halbuki bu vaxta tender nəinki başa çatıb, hətta bu tenderlər üzrə müqavilələr də artıq imzalanıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin aprel-may aylarında yerləşdirdiyi tender elanlarında isə göstərilir ki, iddiaçılar öz təkliflərini martın 11-də qədər təqdim etməli idirlər.
Eləcə də bax: Azərbaycanda ən bahalı kreditlər hansı rayonda verilir?
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidməti isə «Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işlərinin satınalınması» üzrə tender elanını sayta aprelin 26-da yerləşdirsə də elanda göstərilir ki, təkliflər aprelin 24-ə qədər təqdim olunmalıdır.
M.F.Axundov adına Mərkəzi Kitabxanada bunu yeni yaradılan tender portalındakı texniki qüsurlarla izah ediblər. Kitabxanının baş mühasibi Rübabə Nsrullayeva bildirib ki, portala məlumatlar hələ yanvar ayından göndərilsə də, burada baş verən yeniliklərdən sonra bütün tender elanları silinib: «Sonradan bizi satınalma qaydalarını pozmaqda ittiham etməsinlər deyə bütün məktubları saxlayırıq».
Qeyd edək ki, bəzi dövlət təşkilatlarının tenderlərinin ya vaxtı keçdikdən sonra, ya da bitməsinə çox az vaxt qalmış yerləşdirilməsi barədə məlumatlar FED.az-a bəzi sahibkarlardan da daxil olub. Belə tender elandarı adətən tender təkliflərinin qəbulu vaxtının başa çatmasına 1-2 gün qalmış açıqlanır. Nəticədə tenderin potensial iştirakçılarından əksəriyyəti bu tender üçün təkliflər hazırlaya bilmir.