Vergiödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı institutu yaradılıb.
FED.az xəbər verir ki, bu barədə mayın 3-də Vergilər Nazirliyində keçirilən brifinqdə vergilər nazirinin müşaviri Elçin Məmmədov deyib.
O bildirib ki, institut vergiödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq, vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə köməklik göstərəcək.
Qeyd olunub ki, vergilər nazirinin əmri ilə nazirin müşaviri Elçin Məmmədov Vergi Ombudsmanı təyin edilib.
Eləcə də bax: Milli Məclis «xaltura» edir? - Qanunlar düzgün qəbul olunmur - EKSPERT
Vergi ombudsmanı vergi ödəyicilərinin hüquqlarını müdafiə edəcək
Mayın 3-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün brifinq keçirilib. Brifinqdə Vergilər nazirinin müşaviri Elçin Məmmədov mövcud beynəlxalq təcrübəyə əsaslanmaqla Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılması və fəaliyyətə başlaması barədə məlumat verib.
Bildirilib ki, vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək məqsədilə Vergilər nazirinin əmri ilə Vergilər Nazirliyində Vergi Ombudsmanı İnstitutu yaradılıb. Bu institut vergi ödəyicilərinin müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan çevik həllinə nail olacaq və vergi orqanları ilə münasibətlərin qarşılıqlı əməkdaşlıq formasında tənzimlənməsinə kömək göstərəcək.
Qeyd olunub ki, Vergilər nazirinin növbəti əmri ilə bu günlərdə vergi ombudsmanının fəaliyyət istiqamətlərini, hüquq və vəzifələrini müəyyən edən “Vergi ombudsmanı haqqında Əsasnamə” təsdiq edilib. Həmin əmrlə Vergilər nazirinin müşaviri Elçin Məmmədov vergi ombudsmanı təyin edilib.
Bildirilib ki, apelyasiya kommunikasiyalarının çoxluğu sahibkarın müraciətlərinə və şikayətlərinə ədalətli baxılması imkanlarını artırır. Vergi Ombudsmanı İnstitutunun yaradılması ilə vergi ödəyiciləri ilə üfüqi əməkdaşlıq platforması genişləndirilib və vergi ödəyiciləri yeni bir apelyasiya mexanizmi əldə ediblər.
E.Məmmədov qeyd edib ki, Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərinin baxılmamış, ədalətli araşdırmaya cəlb edilməmiş hər hansı müraciətinin qalmamasıdır. Ombudsman bu işdə onlara yardım edəcək, hüquqi müdafiəsini təmin edəcək, müraciətlərə ədalətli baxılması mövqeyindən çıxış edəcəkdir. Bu, həmçinin, vergi əməkdaşlarının qəbul etdikləri qərarlara görə məsuliyyət daşımasına da böyük təsir göstərəcəkdir.
Brifinqdə vergi ombudsmanının hüquq və vəzifələri, fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Bildirilib ki, o, Vergilər nazirinin əmri ilə təyin edilən, bilavasitə nazirə tabe olan və ona hesabat verən şəxsdir. Ombudsmanın əsas fəaliyyət istiqaməti vergi ödəyicilərinin hüquqlarının pozulmasının qarşısının alınması və pozulmuş hüquqların bərpasıdır.
Brifinqdə KİV nümayədələrinin sualları cavablandırılıb.