Azərbaycanda problemli kreditlər portfelinin idarə olunması və belə kreditlərin toplanması üçün kollektor şirkətlərinin fəaliyyətinin bərpası təklif edilib. FED.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların Ahərbaycana hökumətinə ünvanlanan təkliflərində bildirilir.
Təkliflərdə deyilir ki, problemli kredit portfellərinin idarə olunması üçün banklarda bir sıra tədbirlərin həyata keçirilməsi çox sayda işçi qüvvəsinin cəlb edilməsi, vaxt itkisi və xərclərin artmasına səbəb olur. Bu portfellərin kollektor agentliyinə ötürülməsi nəticəsində isə bankların xərcləri azalır.
Qeyd edək ki, hazırda Azərbaycanda bu sahədə ixtisaslaşdırılmış bir sıra kollektor şirkətləri (agentlikləri) mövcuddur. Lakin hal-hazırda banklar tərəfindən problemli kredit portfellərinin kollektor agentliklərinə ötürülməsi prosesində qanunvericilikdən irəli gələn bəzi maneələrə rast gəlinir.
Eləcə də bax: “AGBank”ın vəziyyəti məlum oldu - HESABAT AÇIQLANDI
Belə ki, müştəri məlumatlarının kollektorlara ötürülməsi bəzən kommersiya və bank sirrinin açıqlanması kimi səciyyələndirilir. Bu onunla əlaqədardır ki, “Banklar haqqında” Qanuna əsasən bank sirri təşkil edən məlumatların açıqlanması şərtləri bu günün reallığı və beynəlxalq praktikanın tələblərinə cavab vermir.
Bundan başqa, bankların problemli kredit portfellərinin idarə olunması, müştərilərlə danışıqların aparılması və problemin məhkəmə və ya məhkəmədənkənar həlli yollarının müəyyən edilməsi sahəsində kollektor şirkətlərinin fəaliyyətini tənzimləyən hər hansı ayrıca normativ-hüquqi akt mövcud deyil.
Bunun nəticəsində isə bankların idarə edilməsi və problemlərin həll olunmasında bir sıra çətinliklər yaranır.
Bütün bunları nəzərə alaraq, hökumətə təklif olunur ki, bankların problemli kredit portfellərinin idarə olunması, müştərilərlə danışıqların aparılması və problemin məhkəmə və ya məhkəmədənkənar həlli yollarının müəyyən edilməsi sahəsində kollektor şirkətlərinin fəaliyyətini tənzimləyən qanunverici baza işlənilib hazırlansın.