14 yanvar 2019 08:00

Südlük yoxsa ətlik heyvan biznesi? - AĞILLI SƏRMAYƏ

Millət olaraq atılqanıq axı, gərək bütün biznes növlərini “yoxlayaq”. Bu məqaləni heyvandarlıqla məşğul olmaq istəyən işgüzar izləyicilərimiz üçün yazıram ki, seçim etməkdə yardımçı olaq. Südlük yoxsa ətlik budur sual demişdi Otello. İşə başlayıb, zərər etdikdən sonra təcrübə qazanmayasınız.

Əgər heyvandarlıqla məşğul olmağa qərar verdinizsə əvvəlcə maldarlıq yoxsa qoyunçuluğu seçəcəyinizə dəqiqləşdirin. Maldarlıq (iribuynuzlu) daha cazbiəli gəlirsə burda da seçim qarşısında qalacaqsınız: Südlük yoxsa ətlik bizneslə məşğul olum?


Südlük yoxsa ətlik

Əvvəlcə bunu qeyd edim ki, hər kəsin bildiyi işlə məşğul olması lazımdır. Bu sualı verən insanların çoxu ömründə bir dəfə inək otarmayıbsa biznesin sonrakı gedişatında çoxlu sürprizlərlə qarşılaşacaq. Heyvandarlıqda hesablar dəqiq olmasa zərər eləyə bilərsiniz. Bu işlə məşğul olmağa qərar verdinizsə, heyvan cinsləri (http://www.agroexpert.az/inekcinsleri-en-yaxsi-sudluk/), tövlə necə tikilir (http://www.agroexpert.az/tovle-nece-tikilmelidir/), iribuynuzlu xəstəlikləri, YEM, balalama, buzova qulluq, maliyyə mövzularını bilmək lazımdır. Amma qorxmayın, öyrənməyə və zəhmətə alışqan insansanız hər işin öhdəsindən gəlmək olar. Ət və süd isə min illər boyu insanoğlunun istifadə elədiyi 2 və 3 nömrəli qida olaraq qalır. Həm də platforma olaraq da sizlərin öyrənməyinizə hər zaman yardımçı olmağa çalışırıq.

ELƏCƏ DƏ BAX: Adaçayı (şalfey) biznesi – «AĞILLI SƏRMAYƏ»

Südlük yoxsa ətlik heyvan biznesinin ortaq və fərqli tərəərinə nəzər salaq:

  • Ətlik dana (bordağ) biznesinin ilkin yatırım və işlətmə xərcləri azdır, südlük biznesdə isə daha çoxdur. Tövlə ətlik biznesdə bəsit olur, sağmal heyvan üçün isə daha detallıdır.
  • Mal-qaradan sonra belə biznesin ən önəmli xərci yemdir. Qaba yem ehtiyacı hər iki biznes üçün eyni olsa da. qüvvəli yemlər fərqlidir. Südlük heyvan biznesində buzovları yemləmək üçün də əlavə olaraq xərc çıxır.
  • Ətlik dana biznesi nisbətən rahat idarə olunan işdir. Uyğun heyvanları alıb tövləyə yığdın, yemlədin və 3 (bəzən 6, 9) aydan sonra satışa verdin. Sağmal heyvan işində kompleks idaretmə lazımdır. Dişi heyvanların qızma dövrü, hamiləlik, doğuş, əmcək baxımı, balaya qulluq kimi işlərdən baş çıxarmaq lazımdır. Yəni südlük istiqamətdə daha çox bilik və bacarıq, vərdişlər lazımdır.
  • Bordağ (ətlik) dana biznesində heyvanların sayı sabit qalır (ölümləri nəzərə almırıq). Südlük istiqamətdə isə sürü idarəçiliyi daha çətindir: doğuşla heyvan sayı artır, südünü qurudan heyvanlar olur, buzovlardan erkəklər olur bunları satmaq lazım gəlir.
  • Baytar xidməti ətlik istiqamətdə nisbətən az olur, südlük heyvandarlıqda isə dişilərdən dolayı çox olur. Ətlik dana biznesində heyvanları ən tez 3-4 ay sonra satacağınıza görə, o vaxta kimi gəlir olmur.
  • Südlük biznesdə isə süd satışı və ya buzov, dana satışından dolayı elə ilk gündən gəlir gəlməyə başlaya bilər. Bu isə fermanın yem, dərman, maaş və kommunal xərclərini qarşılayacaq.

Südlük yoxsa ətlik heyvan biznesinin hansı ilə məşğul olum sualınıza bir də bu cavabı əlavə edim: Əgər heyvandarlıqdan başınız çıxırsa (və ya başı çıxan “etibarlı” adamınız varsa), maddi imkanlarınız da dar deyilsə, bu bizneslə məşğul ola bilərsiniz. Əks halda girməyinizi tövsiyyə etmirik, girəcəksəniz, ilk 2-3 il sürprizlərə hazırlıqlı olun.

Mənbə

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz