Sonuncu sərt karantin rejimin yumşaldılması sərnişin tələbatının kəskin artmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyindən (BNA) FED.az-a verilən məlumata görə, gündəlik sərnişin axınında 17-25% artım müşahidə olunur.
Artan təlabatın qarşılanması üçün bütün daşıyıcılar üzrə mövcud avtobus deposu tam gücü ilə daşımalara cəlb olunub. Adi yay rejimi ilə müqayisədə hazırda xətlərə 45% əlavə avtobus çıxarılır.
BNA bildirir ki, əlavə olaraq 10 avqust tarixindən mərhələ ilə 80-ə yaxın avtobus cəlb olunmaqla 5 əlavə ekspres xətt də istifadəyə veriləcək. Bu xətlərdən 3-ü ətraf qəsəbələrə işləyəcək. Bunun sayəsində gün ərzində Mərdəkan, Maştağa, Bilgəh və Nardaran bağları istiqamətində təxminən 36 000 – 40 000 nəfər sərnişin şəhər mərkəzinə rahat gediş-gəliş imkanı əldə edəcək.
Bundan başqa, artan sərnişin və nəqliyyat axınının idarə olunması üçün yollarda hərəkətin tənzimlənməsi üçün də zəruri addımlar atılır. Bunun üçün nəqliyyat yükü çox olan 130 küçə və prospektdə svetoforlara verilən "yaşıl dalğa" əmrinin tətbiqi artırılıb. Ən çox sərnişin tələbatı olan dayanacaq məntəqələrinə nəzarət gücləndirilib.
Həmin istiqamətlərdə avtobusların hərəkətinə maneə yaradan halların aradan qaldırılması üçün operativ tədbirlər görülür. Marşrut xətlərinin fəaliyyətinə, maskadan istifadəyə nəzarət məqsədi ilə BNA əməkdaşları ilə yanaşı 100-dən çox könüllü ödənişli ictimai işlərə cəlb olunub.