Magistral yolların kənarında yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər üçün istirahət yerləri qurulacaq.
FED.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev deyib.
O bildirib ki, iş və istirahət rejimi ilə bağlı ölkə başçısının müvafiq fərmanı var: “Söhbət yük və sərnişin daşıyan nəqliyyat vasitələrinin taxoqraf cihazı ilə təmin olunmasından gedir.
Hazırda bununla bağlı işlər görülür. 2011-ci ildə beynəlxalq yükdaşımalarda bu tətbiq edildiyindən, artıq bununla bağlı təcrübə var. Sürücülər həmin kartlarla təmin edilib və kartlar taxonet beynəlxalq şəbəkəsinə qoşulub. Hətta xarici ölkələrin sürücüləri də bu kartı bizdən əldə edir. Həmin təcrübə olduğu üçün ölkədaxili yük və sərnişindaşımalarda bu tətbiq olunacaq. Həmçinin magistral yolların kənarlarında istirahət üçün yerlər qurulacaq.
Yəni ölkələrarası hərəkət edən sürücülər burada istirahət etməlidir. Bundan başqa, daxili yükdaşımada iştirak edən sürücülər də buradan istifadə edə biləcək”.