DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib.
İdarədən FED.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib. Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir.
Sürücülərdən, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən xahiş olunur ki, yağışın intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən olan yollarda hərəkət etməzdən əvvəl yol şəraitini diqqətlə qiymətləndirsinlər. Palçıq və yağıntıların yaratdığı şəraitdə sürət həddini aşmamaq və ehtiyatla hərəkət etmək çox vacibdir. Bu cür vəziyyətlərdə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir və qəza riski artır.
Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir.
Yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri bir addımdır".