Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
FED.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.
Bildirilib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.