“Noyabrın 25-də Bakı-Ələt-Astara avtomobil yolunun Bibiheybət məscidi yaxınlığında keçən hissəsində baş vermiş sürüşmə nəticəsində dağın yamacında yerləşən istinad divarının dağılması ilə əlaqədar olaraq yolun çökməsi hadisəsindən sonra yenə də sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin gördüyü işlərə kölgə salan, Dövlət agentliyinin rəhbərliyi haqqında böhtan xarakterli, vətəndaşlar arasında bilərəkdən çaşqınlıq yaradan yalan və qərəzli məlumatlar paylaşılmağa başlanılıb”.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Eləcə də bax: Nazirlər Kabineti: Bibiheybətə xarici mütəxəssislər - ÇAĞIRILIB
Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən ərazidə noyabr ayının 7-də çatların yaranması aşkar edilib və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub: “Əməkdaşlarımız tərəfindən nəzarət altında saxlanılan ərazidə noyabr ayının 24-də intensiv yağan yağışlar nəticəsində həmin çatların böyüməsi aşkar edilib. Sürüşmənin baş verə bilməsi ehtimalı ilə əlaqədar hadisədən 10 saat öncə, daha dəqiqi, noyabrın 24-də axşam saat 7-8 radələrində yolda avtonəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulması barədə agentliyin rəhbərliyi tərəfindən tapşırıq verilib. Təəssüflər olsun ki, ehtimallarımız özünü doğrultdu və noyabrın 25-də səhər saat 5-6 radələrində sürüşmə nəticəsində avtomobil yolunun bir hissəsi dağıldı. Lakin agentlik tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi daha ağır fəsadların qarşısını almış oldu. Hadisədən dərhal sonra əraziyə agentliyin rəhbərliyi və əlaqədar bölmələrin rəhbərləri, həmçinin aidiyyəti qurumların əməkdaşları cəlb olundu. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldü və agentlik tərəfindən qərargah yaradıldı. Qısa müddət ərzində sürüşmə nəticəsində bağlanan Bakı buxtası-3 küçəsinin açılması, həmçinin ərazidən keçən içməli su borusunun bərpası üçün yola tökülmüş torpaq qatının təmizlənməsinə start verildi. Hazırda da bu istiqamətdə işlər davam etdirilir”.
Apa