Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər Azərbaycanda taksi xidmətlərində ciddi dəyişikliyə səbəb olacaq və ölkədə taksi qıtlığı yaratmayacaq.
Azərbaycanda taksilərlə bağlı yeni tələb avtomobil bazarına necə təsir edəcək?
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, bunlar balanslaşdırılmış tələblərdir, bazar iştirakçılarının sürətli, keyfiyyətli transformasiyasına və yeni şərtlərə uyğunlaşdırılmasına şərait yaradacaq.
“Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən çox müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Əslində bu tələb qanunvericilikdə var idi. Yaşı 15 ildən çox olan avtomobillər taksi fəaliyyəti göstərməyə uyğun deyillər. Bunların bazardan kənarlaşdırılması düzgün qərardır. Bu, bazarda taksi xidmətinin keyfiyyətinin artmasına gətirib çıxaracaq. Həm taksi, həm avtobuslar ictimai nəqliyyatın bir növüdürlər. Səfərlər taksilərdən ictimai nəqliyyata ötürüləcək. Bu, hədəflərimizdən biridir və şəhərdə tıxacın azalmasına səbəb olacaq”, – deyə AYNA rəhbəri qeyd edib.
“Vətəndaşın avtomobili gün ərzində 2-3 səfər edirsə, taksilər 20-dən çox səfər edir. Bir taksi avtomobili 8 fərdi avtomobilə bərabərdir. 70 min taksi fəaliyyət göstərirsə, bu, tıxaca effektiv 550 min avtomobilə bərabərdir. Bu kifayət qədər böyük rəqəmdir. Bu səfərlər ictimai nəqliyyatla həyata keçirilə bilər”,- deyə A.Rzayev əlavə edib. (REAL TV)