Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:
"Taksi sayının yuxarı həddi müəyyən olunub.Hazırda müəyyən istiqəmətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mini keçmir. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".
Eləcə də bax: Keçən il ölkəyə gətirilən avtobusların sayı – AÇIQLANDI
BNA rəsmiainin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib:
"Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar, amillər nəzərə alınıb. Bura sərnişin axınından tutmuş təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, mühəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək".