Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıdan Sumqayıta və əks istiqamət üçün yeni işə düşən avtobus marşrutunun ilkin nəticələrini açıqlayıb.
FED.az xatırladır ki, yanvarın 21-dən etibarən Sumqayıt-Bakı marşrut xətti üzrə sərnişinlərin ekspres avtobuslarla daşınmasına başlanılıb. Yeni avtobusların marşrutu Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətdədir. Yeni marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Avtovağzal” m/st - Ceyranbatan qəsəbəsi - Sumqayıt dairəsi - Bağçalı evlər yaşayış kompleksi - Sumqayıt avtovağzalıdır.
Agentliyin məlumatına görə, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib. Bu indiyədək işləyən avtobuslardan təqribən 2 dəfə daha tez deməkdir – belə ki, digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.
Yanvarın 22-də Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb. Başqa sözlə hər avtobusda 29 nəfər daşınıb. Avtobusların tutumu 48 nəfərlikdir, yəni yeni marşrutda avtobusların doluluğu hələlik 60%-dir.
Qeyd edək ki, yeni marşrut “Baku Bus” MMC tərəfindən təşkil edilib. Marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız qaydada həyata keçirilir.