Son günlər sosial mediada və gündəlik həyatımızda müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qüvvəyə minən yeni tələblərdir.
AYNA: Xüsusi hazırlıq keçməyən sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq
Yeni tələblərə əsasən, taksi fəaliyyəti ilə məşğul olan şəxslər özlərinə buraxılış vəsiqəsi, istifadələrində olan nəqliyyat vasitəsinə buraxılış kartı almalıdırlar. Buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün də müəyyən tələblər var ki, taksi sürücüləri fəaliyyətlərinə davam etmək üçün bu tələbləri yerinə yetirməlidirlər. Bunlardan ən əsası sürücülərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alması, digəri isə istismar etdikləri avtomobillərin saz vəziyyətdə olmasıdır. Əks halda sürücü taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Doğrudur, bu tələblərin yanvarın 1-dən qüvvədə olacağı gözlənilsə də, hələlik qaydaların tam gücü ilə tətbiq olunmadığı göz qabağındadır. Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var.
Bu gün taksilərdən nəqliyyat növü kimi istifadə edən sərnişinlərin də, taksi sürücülərinin də əsas müzakirə mövzusu bu məzmundadır - Taksi fəaliyyəti ilə bağlı tələblər tam gücü ilə işə düşəndən sonra taksi bazarındakı vəziyyət necə olacaq? Taksi qiymətləri yenidən qalxa bilərmi?
FED.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, taksi qiymətlərinin artacağını gözləmir.
“Taksi ilə bağlı tələblər 2024-cü il yanvarın 1-dən qüvvəyə minib. Tələb ondan ibarətdir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs, həm özünə, həm də istismar etdiyi avtomobilinə icazə vərəqəsi almalı olacaq. Bu, onlayn qaydada AYNA tərəfindən veriləcək. Sadəcə müəyyən nüanslar var ki, qurum tərəfindən həll edildikdən sonra, düşünürəm ki, yaxın zamanlarda, həmin o tələb tətbiq olunacaq və taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlar mütləq qaydada həmin icazə vərəqlərini almalı olacaqlar.
Qeyd etmək lazımdır ki, taksi qiymətlərinin formalaşması, müxtəlif amillərə bağlıdır. Bunlar amortizasiya xərcləri, yanacağa sərf olunan xərclər, taksi fəaliyyətinin olduğu şəhərdə ictimai nəqliyyatın qiymətidir. Taksi qiymətləri tarifi, hətta ilin mövsümlərinə görə də dəyişir - qışda bir, yayda başqa qiymətə, gecə başqa, gündüz başqa qiymətə ola bilir, hava şəraiti dəyişəndə - məsələn, güclü külək əsəndə, yağış, qar yağanda - fərqli qiymətə ola bilir və s. Yəni qiymətin dəyişmə amilləri özü özlüyündə çoxdur. Ona görə düşünürəm ki, bu tələblər tətbiq olunmağa başlayandan sonra da kəskin qiymət artımı deyə bir şey olmayacaq.
Əslində, bu gün bizdə taksi tarifləri heç də ucuz deyil, sadəcə əlçatandır. Bu gün taksi qiymətləri bir kilometrə görə, yüksəkdir. Çünki 2023-cü ilin yayında taksi şirkətləri sövdələşərək taksi qiymətlərinin minimumunu 1,50 manatdan 2,50 manata qaldırdılar. Əslində, bu artım qeyri-qanuni sayıla bilər.
Burada bir məqam da var - taksi şirkətlərinin təklif etdiyi əksər nəqliyyat vasitələri ekonom sinif nəqliyyat vasitələridir. Əgər digər sinif (komfort, lüks və s.) nəqliyyat vasitələri ilə xidmət göstərərlərsə, məlumdur ki, qiymət tam fərqli olur. Beynəlxalq taksi şirkətləri də taksi qiymətlərini məhz bu şəkildə təyin edirlər”, - deyə E.Cəfərov bildirib.
Ekspert hesab edir ki, taksilərin sayının kəskin azalacağını düşünmür və hesab edir ki, taksilərin sayı azaldıqca, müəyyən bir balans yaranacaq, əvəzində ictimai nəqliyyatın sayı artacaq.
“Düşünmürəm ki, taksiyə tələb artandan sonra taksilərin sayı kəskin azalsın. Düzdür, tələblər tam şəkildə icra olunandan sonra taksi sayında müəyyən azalmalar olacaq. Bu da o deməkdir ki, lazım olan tələblərə cavab verməyənlər yavaş-yavaş bu sahədən uzaqlaşmalı olacaqlar.
“Taksinin sayı azaldıqca ictimai nəqliyyatın balansı pozulacaq” məsələsinə gəlincə, hesab edirəm ki, taksinin sayı azaldıqca ictimai nəqliyyatın sayı artacaq və mütləq bir balans yaranacaq. Xırdalasaq - əgər taksi sayı azalırsa, avtobus sayı artacaq, yeni marşrutlara ehtiyac olacaq, marşrutların optimallaşdırılması prosesi gedəcək, metroda intervalların azaldılması və yeni qatarların gətirilməsinin təmin edilməsi üzərində iş aparılacaq. Bir sözlə, ictimai nəqliyyatın keyfiyyəti yüksəlmədən taksilərin kütləvi şəkildə azaldılması baş verməyəcək.
Doğrudur, qayda qüvvəyə minib amma hələ də bu qaydalara uyğun gəlməyən insanlar taksi fəaliyyəti ilə məşğul olurlar, həmçinin yararsız avtomobillər də var. Onlar hələ ona görə qalıblar ki, indiki halda qeydiyyatdan keçmə və müvafiq vərəqə alma məsələsi qalıb. Zənnimcə, o vərəqələrin verilməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən texniki parametrlərin təsdiq olunmaması ola bilər. Həmin parametrlər təsdiqləndikdən sonra icazə vərəqələri veriləcək. Amma biləsiniz ki, bu proses çox uzun çəkməyəcək. Bir daha vurğulamaq istərdim ki, taksi fəaliyyəti üçün istismar olunan köhnə avtomobillərin yığışdırılması real görünür, çünki icazə vərəqəsi almaq üçün tələbin həm də nəqliyyat vasitəsinə olması o deməkdir ki, həmin tələblərə uyğun gəlməyən nəqliyyat vasitəsi taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək”, - deyə ekspert vurğulayıb.
Ekspert hesab edir ki, bütün bu proseslər uzun görünsə də, bu ilin birinci yarısı həll olunacaq, gələn ilə qalmayacaq.
“Cəmiyyətdə belə bir yanlış fikir var ki, taksi ilə bağlı icazə vərəqələri qaldı. Heç kim buna görə cərimə olunmayacaq. Bu, heç də belə deyil. Yanvar ayının birində bu baş vermədisə, ola bilər, elə yanvar ayının sonunda, uzağı fevralın ortasında bu proses olsun.
Sonda fürsətdən istifadə edib, sürücülərin bir daha diqqətinə çatdırmaq istəyərdim ki, mütləq qaydada AYNA-nın təşkil etdiyi sürücülük təlimlərində iştirak edib sertifikat alsınlar və mütləq qaydada hazır olsunlar ki, icazə vərəqələrini ala bilsinlər. Nəzərə alsınlar ki, əgər taksi fəaliyyəti göstərmək istəyirlərsə, istismar etdikləri avtomobilləri saz vəziyyətdə saxlamalı, özləri təcrübəli olmalı, qanunlara ciddi riayət etməlidirlər. Ən önəmlisi yaddan çıxarmasınlar - bütün bu proseslər cari ilin birinci yarısı olacaq, gələn ilə qalmayacaq”, - deyə E.Cəfərov fikrini yekunlaşdırıb. (Oxu.az)