“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.
FED.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi Mehman Mehdiyev hazırda da DSMF-yə borcu olmadıqlarını deyib.
M. Mehdiyev bildirib ki, təkcə bu il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.
“DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Hesablama Palatasının məlumatına görə, 2017-ci ilin I yarısı ərzində 742 sığortaedən üzrə 22,89 mln. manat və ya ilin əvvəlinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borcun 7,1%-i qədər borcun ödənişinin təmin edilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri göndərilib. DSMF-nin borcun ödənişi ilə bağlı 4 iddiasından biri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qarşı olub.
@apa