“Xaliq Faiqoğlu” şirkəti müntəzəm marşrut xətləri üzrə avtobus sayının azaldılması və süni sıxlıq yaradılması ilə bağlı bu gün yayılmış məlumatlarla əlaqdar KİV-dən daxil omuş sorğulara münasibət bildirib.
FED.az-ın məlumatına görə, Şirkətin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev bildirib ki, “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan istehsalat bazaları üzrə işlək vəziyyətdə olan bütün nəqliyyat vasitələri həmişə olduğu kimi sərnişinlərin xidmətinə verilir: “Xaliq Faiqoğlu” şirkəti pandemiya dövründə də gücləndirilmiş rejimdə fəaliyyət göstərməkdədir. Bildirmək istəyirik ki, pandemiya dövründə, xüsusilə sərnişin axınının nisbətən artdığı son günlərdə şirkət tərəfindən istismar edilən nəqliyyat vasitələrinin sayı azaldılmayıb və xəttə buraxılan avtobusların sayı barədə gündəlik olaraq aidiyyatı qurumlara məlumat verilir”.
Şirkət bildirir ki, adi sərnişinlərlə yanaşı həkimləri də ödənişsiz daşıyır: “Bakı Nəqliyyat Agentliyinin təşkilatçılığı ilə “Xaliq Faiqoğlu” şirkəti hazırda istismarında olan marşrut xətləri ilə yanaşı, Bakı şəhəri üzrə tibbi heyətlərin tibb müəssisələrinə və evlərinə əvəzsiz olaraq daşınması prosesini də həyata keçirir. Belə ki, tibbi heyəti daşıyan nəqliyyat vasitələri tibbi-profilaktik şərtlər nəzərə alınaraq gün ərzində digər sərnişinlərə xidmət göstərmir. Xüsusilə paytaxtmızda ictimai nəqliyyatın işləmədiyi şənbə-bazar günlərində tərəfimizdən kifayət qədər nəqliyyat vasitələri ayrılır və tibbi heyətlərin daşınması yüksək səviyyədə icra edilməkdədir. Bundan başqa şirkət ona həvalə olunan 2 ekspress marşrut xətti üzrə də sərnişinlərə xidmət göstərir”.
N.Rzayev onu da bildirib ki, pandemiya dövründə şirkət ziyanla işləməkdədir: “Bununla belə işçi sayında azalma qeydə alınmayıb, sərnişinlərin sanitar-epidemioloji qaydalara riayət edilməklə daşınması davam etdirilməkdədir. İş prosesində Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qaydaları, eləcə də tapşırıq və tövsiyyələri əsas götürülür”.
Xatırladaq ki, “Xaliq Faiqoğlu” MMC-nin açıqlaması BNA-nın bu gün yaydığı məlumatın cavabıdır. FED.az xatırladır ki, BNA bu gün “Xaliq Faiqoğlu” MMC, “Çinar Trans” MMC, “Ayşən LTD” MMC, “Azlənd Plaza” MMC, “GrandBus” MMC, “Fidan” MMC“ və General Auto Company” firmasının istehsalat bazalarına baxış keçirildiyini bildirib.
Agentlik bildirib ki, baxış zamanı saz vəziyyətdə olan avtobusların saxlanılaraq xətlərə buraxılmaması halları müşahidə edilib. Adı çəkilən daşıyıcılar müvəqqəti istismarlarında olan bəzi marşrutlar üzrə müəyyən olunan saydan az avtobus çıxararaq süni sərnişin sıxlığının yaranmasına səbəb olublar. Amma BNA bu pozuntuların hansı şirkətlər təfəfindən edildiyini açıqlamamışdı.
“Mövcud pandemiya şəraitində karantin rejimi qaydalarının pozulması ilə nəticələnən hərəkətlərə yol verən həmin daşıyıcılar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Toplanan materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına təqdim olunacaq”.