Hazırda Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsi davam etdirilir.
FED.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, ilkin olaraq Odessa şəhərində cəmləşən 6 yük avtonəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib. Hazırda nəqliyyat vasitələri Rumıniya ilə sərhədə çatıb və Rumıniyaya keçid üçün sənədləşməni gözləyirlər.
Təxliyə prosesi Moldovadakı diplomatik korpusumuzun köməyi ilə həyata keçirilir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin də təxliyəsi ilə bağlı işlər görülür, onlarla mütəmadi olaraq əlaqə saxlanılır.