Ukraynanın İnfrastruktur Nazirliyi beynəlxalq avtomobil daşımaları üçün icazələrin verilməsi qaydalarının sadələşdirib.
FED.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Belarus və Rusiya ərazisindən tranzitin bağlanması, eləcə də avtomobil nəqliyyatı ilə yükdaşımaların sayının artması nəzərə alınaraq aprelin 4-dən etibarən müvafiq sənədə düzəlişlər edilib və məhdudiyyətlər götürülüb.
Sənəddə bir sıra dəyişikliklərlə yanaşı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan ərazilərinə Avro-3 və daha yüksək ekoloji standartların tələblərinə cavab verən nəqliyyat vasitələri üçün daşıma həyata keçirən avtomobil daşıyıcılarına icazənin verilməsi sadələşdirilib.
Həmçinin qeyd olunur ki, müharibə başlayandan bəri İnfrastruktur Nazirliyi hərbi vəziyyət dövrü üçün icazə sisteminin ləğvi ilə bağlı tərəfdaş ölkələrlə sistemli danışıqlar aparır.
Aprelin 4-ü tarixinə olan məlumata görə, Avropa İttifaqının yeddi ölkəsinin o cümlədən Bolqarıstan, Macarıstan, İtaliya, Danimarka, Latviya, Estoniya, Litva, həmçinin Gürcüstan və Türkiyə ərazisi vasitəsilə daşımalara ikitərəfli və tranzit icazələrin ləğvi barədə razılığa gəlmək mümkün olub. Slovakiya da icazəsiz tranzit daşımalara razılıq verib.
Bununla yanaşı, bütün humanitar yüklərin Moldova, Rumıniya, Sloveniya, Avstriya, Çexiya, Polşa, Almaniya, Hollandiya və Litva ilə icazəsiz daşınması mexanizmi yaradılıb. (Apa)