Son zamanlar tez-tez Türk daşıma şirkətləri tərəfindən gündəmə gətirilən Azərbaycan üzərindən tranzit keçid tariflərinin yüksək olması ilə bağlı məsələ artıq həll edilmək üzrədir.
Eləcə də bax: Azərbaycan və Türkiyə arasında vahid keçid sertifikatı kvotası - Artırılıb
FED.az xəbər verir ki, bu barədə politoloq Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan-Türkiyə səlahiyyətli qrumlarının İstanbulda keçirilən görüşündə müzakirə edilib və əldə edilən nəticə Türk şirkətlərini sevindirib.
«2021-ci il üçün iki tərəfli və tranzit keçid icazələrinin sayı toplam 8 min ədəd artırılıb. Eyni zamanda Azərbaycan qanunvericiliyi ilə tətbiq edilən yanan məhsul riskinə görə, şəhərə giriş rusumu və həcmdən artıq yüklənməyə görə cərimələr məsələsinə yenidən baxılaraq müsbət həll ediləcəyi qeyd edilib. Nəzərdə tutulan dəyişiklik artıq Milli Məclisə daxil olub və yaxın zamanda qəbul edilərək qüvvəyə minməsi gözlənilir»-deyə A.Məmmədov bildirib.
Həmçinin 1992-ci ildə Azərbaycan-Türkiyə arasında imzalanan və qüvvədə olan avtomobil yolu ilə daşımaları tənzimləyən anlaşma yenidən hazırlanaraq imzalanacaq.
A.Məmmədovun sözlərinə görə, hələlik Ro-Ro gəmilərinin gediş-dönüş bilet qiymətləri həll edilməmiş qalır: «Türkiyə tərəfi qiymətin 1800 dollardan aşağı salınmasını istəyir, Azərbaycan tərəfi bu məsələyə baxılacağını bildirib və ola bilər ki, yaxın zamanda müsbət həll edilsin».
Bu məsələnin həll edilməsi Azərbaycan üzərindən daşımaların həcmini artıracaq. «Qazaxstanın əlavə icazələrin verilməsi üçün Azərbaycan üzərindən Ro-Ro ilə daxil olmanı şərt kimi müəyyən etməsi və bu marşurut alternativlərindən 3500 dollar baha başa gəldiyinə görə illik 3 mlrd dollar və 26 min daşımanın reallaşdırıla bilməməsinə səbəb olur».
Azərbaycanın qiymətlərə yenidən baxması və rüsumlarla bağlı Milli Məclisin qəbul edəcəyi dəyişikliklərin qüvvəyə minməsi nəticəsində daşımaların həcmi və ondan daxil olan gəlirlər artacaq və marşurut türklər üçün daha cəlbedici olacaq.Qəbul edilən qərarlar hər kəsin qazanmasına səbəb olacaq.