Türkiyənin "Proyapı" tikinti şirkəti 2025-ci ilədək avtomobil yolları, körpü və tunellərin cari tikintisini bitirməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə "Proyapı" şirkətinin Azərbaycandakı idarəetmə heyətinin sədr müavini Akif Aygen deyib.
Onun sözlərinə görə, şirkət minimal müddətdə "Zəfər Yolu"nu inşa edərək istismara verib.
"Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2024-cü ildə tikintisinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Bundan başqa, Mincivan-Ağbənd avtomobil yolunu, Kəlbəcər-Laçın yolunu inşa etməyə davam edirik. Bununla yanaşı, Xudafərin-Qubadlı-Laçın yolunun tikintisi davam etdirilir. Bu yol Xudafərini Laçın və Gəncə ilə birləşdirəcək", - o deyib.
A.Aygen "Zabuxçay" su anbarının tikintisinin də davam etdiyini vurğulayıb.
""Zabuxçay" Qarabağda inşa olunan ilk su anbarıdır. Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa olunacaq digər su anbarlarını da layihələndirməkdəyik", - o vurğulayıb. (Trend)