“Türk Hava Yolları” aviaşirkətində pilotların maaşının 50, digər heyət üzvlərinin isə 30 faizədək azaldılması ilə bağlı müzakirələr aparılır.
Eləcə də bax: THY İstanbul-Bakı-İstanbul reysinə əlavə bilet - SATIŞA ÇIXARDI
FED.az xəbər verir ki, 6 mini pilot olmaqla 30 min işçisi olan aviaşirkətin illik maaş büdcəsi 1,8 milyard dollar təşkil edir. Pandemiya dövrü ərzində sərhədlərin bağlanması ilə 350-dək təyyarəyə malik olan şirkətin fəaliyyəti demək olar ki, tam dayandırılıb. Yaranmış vəziyyətlə bağlı dəyən zərərin qarşısının alınması məqsədilə işçilərin maaşının azaldılması ilə bağlı müzakirələr aparılır. Bu müzakirələrdən müsbət nəticə əldə olunduğu təqdirdə şirkətin işçilərinin maaşı 2018-ci ilin ödənişləri səviyyəsinə endiriləcək.
Onu da qeyd etmək lazımdır ki, Türkiyədə pandemiya dövrü ərzində işdən çıxarılmalar qadağan olunub.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları”nda işləyən 2 illik təhsilini tamamlamış ikinci pilotun maaşı təxminən 4400, iri təyyarələrin kapitan pilotunun aylıq gəliri isə təxminən 14 min ABŞ dolları təşkil edir. (Azərtac)