Oktyabrıvn 20-21-də Qazaxıstanda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin qazaxıstanlı həmkarı Kasım Jomart Tokayevlə müzakirə etdiyi məsələlərdən biri Trans-Xəzər Beynəlxalq Nəqliyyat dəhlizi və onun işinin gücləndirlməsi olub.
FED.az xəbər verir ki, ümumiyyətlə Xəzər üzərindən əlaqələr Azərbaycanla Qazaxıstan arasında müzakirə olunan əsas mövzulardandır və bu səfər zamanı da diqqət mərkəzində olub.
Səfərin sonunda mətbuata açıqlamalar zamanı Qazaxıstan prezidenti iki ölkə arasında Xəzərin üzərindən keçən nəqliyyat dəhlizləri ilə bağlı vəziyyəti və planları açıqlayıb.
Tokayev qeyd edib ki, 2024-cü ildə bu dəhlizlə daşımalar 62% artsa da, 2025-ci ildə bu artım 2% təşkil edib: «Danışıqlar zamanı infrastruktur layihələrinin, xüsusən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılmasının gedişi nəzərdən keçirilib. Keçən il bu marşrut üzrə yükdaşımaların həcmi 62 faiz artıb və 4,5 milyon ton təşkil edib. Bu ilin nəticələri də ümidvericidir, artım 2 faiz təşkil edib».
Qazaxıstan prezidenti bu göstəricini ümidverici adlandırsa da, 2%-lik artımın tərəfləri qane etmədiyi şübhə doğurmur. Çünki daşımalar üzrə hədəf – indiki 4,5 milyon tonu 10 min tona çatdırmaqdır.
Məhz bu səbəbdən Azərbaycan və Qazaxıstan nümayəndələrinin görüşündə dəhlizdəki “darısqal yerlər” adlanan problemlərin sinxron şəkildə aradan qaldırılması, eləcə də dəhliz boyunca uzunmüddətli vahid tariflərin müəyyənləşdirilməsi müzakirə edilib.
«Sözsüz ki, bu, səmərəliliyi artıracaq, bütün marşrut üzrə fasiləsiz tədarükləri təmin edəcək və bizim planlaşdırdığımız kimi, yükdaşımaların həcmini 10 milyon tona çatdırmağa imkan verəcək»-deyə Qazaxıstan prezidenti bildirib.