Koronavirus pandemiyası və onunla əlaqəli məhdudlaşdırma tədbirləri nəticəsində Azərbaycada sərnişin daşınması kəskin azalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən məlumata verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2020-ci ilin yanvar-mart aylarında 440,6 milyon sərnişin daşınıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 4,4 faiz azalıb.
FED.az xəbər verir ki, sərnişinlərin 88,1% avtomobil, 11,5%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
2020-ci ilin yanvar-mart aylarında 1 milyon 77 min sərnişin dəmir yolu ilə daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 50,1% artıb. Karantin tədbirlərinə baxmayaraq dəmiryolunda daşımanın artması Bakı ətrafında elektrik qatarlarının işə düşməsi ilə bağlı olub.
2020-ci ilin yanvar-mart aylarında dəniz nəqliyyatı ilə 4,9 min sərnişin daşınıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,6 % artıqdır.
Sərnişinlərin azalması əsasən avtomobil nəqliyyatında baş verib. Belə ki, birinci rübdə avtomobillə 388,3 milyon sərnişin daşınıb. Əvvəlki ilin eyni dövrü müqayisədə 3,9% azalma qeydə alınıb.
Avtobusda sərnişin daşımalarında daşımalarında 3,6%, taksi daşımalarında isə 10,5% azalma olub.
Bu dövrdə metrodan istifadə edən sərnişinlərin sayı 8,6% azalaraq 50,9 milyon nəfər olub. Hava nəqliyyatı ilə 437,2 min və ya 8,5% az sərnişin daşınıb.
Martda sərnişin daşımaları daha kəskin azalıb
Karantin tədbirləri mart ayından başladığına görə, onun birinci rübün nəticələrinə təsiri ciddi hiss edilməyib. Mart ayının göstəricilərində də isə dəyişiklik daha böyük olub.
Belə ki, ümumilikdə mart ayında sərnişin daşımaları 17.3% azalıb. Ötən ilin martında 157,5 milyon nəfər sərnişin daşındığı halda, bu il göstərici 130,2 milyon nəfərə düşüb. Məlumat üçün deyək ki, bu ilin ilk iki ayında sərinişin daşınması üzrə orta göstərici 165 min nfəər idi. Onunla müqayisədə martda sərnişinlərin sayı 22% azalıb.
Yanvar-fevralın orta göstəricisi ilə müqayisədə, martda dəmiryol daşımaları 43% azalaraq 420 mindən 239 min nəfərə düşüb.
Hava yola ilə daşınan sərnişinlərin sayı isə 97 min olub. Bu da ilk iki ayın orta göstərici ilə müqayisədə 43% azdır. Belə ki, yanvar-fevral aylarında təyyarə ilə hər ay orta hesabla 170 min nəfər uçurdu.
Metrodan istifadə edənlərin sayında da kəskin azalma var. Martda metrodan 11 milyon 969 min nəfər istifadə edib. Yanvar-fevral aylarında isə aylıq göstərici 19,5 milyon nəfər idi.
Martda taksidən istifadə edənlərin sayı 10,7% azalıb. Bu ay taksiyə 4 milyon 497 min nfəər minmişdisə, ilk iki ayda bu göstərici aylıq 5 milyon nəfər idi.
Avtobus sərnişinlərinin sayı isə aylıq 130 min nəfərdən 113,4 min nəfərə düşüb.