Avtomobillərin istismarı nəticəsində atmosferə atılan qazların insan sağlamlığına təhlükə yaratmasının, eləcə də havanın çirkləndirilməsinin qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində keçirilən "Təmiz hava” aylığı başa çatıb.
FED.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, keçirilən tədbirlər zamanı avtomobillərdən havaya atılan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb.
“Bakı və Abşeron yarımadasında aparılan yoxlamalar zamanı avtomobillərindən havaya normadan artıq tullantı atılan 958, regionlarda isə 1336 sürücü barəsində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən protokol tətbiq edilib”.
B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda müəssisələrin avtoparklarında da yoxlama, ölçmə işləri aparılıb və mühərrikləri nasaz vəziyyətdə olan nəqliyyat vasitələrinə cavabdeh şəxslər barəsində protokollar tərtib olunub.