19 mart tarixindən etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq.
FED.az xəbər verir ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq. Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.
Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.
Bakı-Gəncə marşrutu üzrə sərnişinlərə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan KISS markalı oturacaq tipli ikimərtəbəli elektrik qatarı xidmət edir.
Qatarda 9-u birinci klass yeri, 62-si biznes yeri və 296-sı isə standart yer olmaqla, cəmi 367 oturacaq yer mövcuddur. 19 martdan etibarən Bakı-Gəncə istiqaməti üzrə gediş haqqı standart yerlər üçün 20 manat, biznes yerlər üçün isə 33 manat səviyyəsində təyin olunub. Qeyd edək ki, hazırda Bakı-Gəncə qatarında qidalanma xidməti göstərilmir.
Qatarın hərəkət cədvəli və gediş haqqı tarifləri barədə daha ətraflı məlumatı ticket.ady.az saytından əldə etmək olar.
Beynəlxalq məsləhətçi şirkətlərin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) maliyyə dayanıqlılığının təmin edilməsinə dair tövsiyələrinə uyğun olaraq Bakı-Gəncə sürət qatarı üçün gediş haqları dəyişdirilib. Bundan sonra əldə olunan gəlir artsa da, yeni tariflər hesabına xərcin yalnız bir qismini ödəmək mümkündür. Bu gün ADY sərnişin daşımalarında yaranan zərəri yüklərin daşınmasından əldə etdiyi gəlirlər hesabına qarşılayır.
Bakı-Gəncə qatarının hərəkəti koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2020-ci ilin mart ayında dayandırılmışdı. Həmçinin bu dövrdə Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub.
Bu günədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb. Bu işlərin aparılması davam etdikcə Bakı-Gəncə qatarının fəaliyyətində fasilələrin yaranması mümkündür. ADY sərnişinlərdən bu məsələyə anlaşıqla yanaşmağı xahiş edir və yarana biləcək narahatlığa görə üzr istəyir.
Dəyişən cərəyana keçid enerji resurslarının istifadəsində qənaətə, xərclərin azalmasına, təmir və texniki xidmətin optimallaşdırılmasına, istismarın etibarlılığının artırılmasına və nəticə etibarilə yük və sərnişin daşınmasının yaxşılaşmasına gətirib çıxaracaq.
Həmçinin Bakı-Gəncə sürət qatarının marşrutunun Ağstafa stansiyasına qədər uzadılması istiqamətində işlər həyata keçirilməkdədir. Hazırda qatar Bakı, Biləcəri, Yevlax, Goran və Gəncə stansiyalarında dayanır.