Avtobus sürücüləri kimi taksi sürücüləri də tibbi müayinədən keçəcəklər.
Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
FED.az xəbər verir ki, ''Avtomobil nəqliyyatı haqqında'' qanunda və Nazirlər Kabinetinin qərarında da var ki, taksi sürücüləri hər gün tibbi müayinədən keçməlidirlər. Hətta sürücülər reysqabağı mütləq avtomobilini də texniki müayinədən keçirməlidir.
Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi, eyni zamanda nəqliyyat vasitələri üçün buraxılış kartı almalıdırlar. Həmçinin nəqliyyat vasitələri reysqabağı texniki, sürücülər isə tibbi müayinədən keçməlidirlər.
Son illər narkotik maddələrin təsiri altında bəzi taksi sürücülərinin aşkar edilməsi faktından yola çıxan sərnişinlər bu qərarın doğru olduğunu hesab edirlər.
Bəzi taksi sürücüləri isə tibbi müayinədən keçməyi qəbul edirlər. Amma hər gün avtomobilin texniki müayinədən keçirilməsinin mümkünsüz olduğunu deyirlər.
Yerüstü Nəqliyyat Agentliyindən o da bildirilib ki, tələb edilən sənədlər təqdim olunmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər. (Xezerxeber.az)