Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.
FED.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-də istinadən xəbər verir.
Məlumatda deyilir ki, ikixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. Sumqayıt-Yalama dəmir yolunun Şabran-Çarxı istiqamətində mövcud xətlə yanaşı yeni inşa edilmiş xətt də istifadəyə verilib. Beləliklə, layihə çərçivəsində ilk 23 km dəmir yolu xətti yenidən qurularaq hərəkətə açılıb.
Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 km, açılmış uzunluğu 362,8 km, o cümlədən əsas yolların uzunluğu 328,3 km, yan yolların uzunluğu 27 km, yoldəyişənlərin uzunluğu 7,5 km təşkil edir.
Bu günə qədər yolun 65 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 22,12 faizi artıq tamamlanıb. Belə ki, 87 km-lik hissədə mövcud relslərin söküntüsü, alt-ballast və ballast materialının qazıntısı və alt-ballast materialının sərilməsi, 70,8 km-lik hissədə birinci lay ballastın sərilməsi və 65 km-lik hissədə ikinci lay ballastın sərilməsi işləri tamamlanıb. Həmçinin 37 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib.
Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yol boyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.
Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2017-ci il 19 dekabr tarixli və Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında 2019-cu il 11 mart tarixli kredit müqavilələrinə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il 18 fevral tarixində start verilib.
Layihələndirmə və tikinti-quraşdırma işlərini Türkiyənin “Kolin İnşaat Turizm Sanayi ve Ticaret A.S.” və Qazaxıstanın “Integra Construction KZ LLP” şirkətlərinin birgə müəssisəsi, tikintiyə texniki nəzarət xidmətlərini isə Almaniyanın “Kocks Consult Gmbh” və “SSF Ingenieure AG” şirkətlərinin birgə müəssisəsi icra edir.
Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirinin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.