Avqustun 20-də axşam saat 22-də Sumqayıt dəmir yolu vağzalında yanğın baş verib.
FED.az xəbər verir ki, Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin məlumatına görə, Sumqayıt dəmir yolu vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.
Yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Azərbaycan Dəmir Yolları” QSC isə məlumat yayıb ki, Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın qatarların qrafik üzrə hərəkətində heç bir problem yaratmayıb.
Bildirilib ki, bu gün saat 22:00 radələrində Sumqayıt sərnişin stansiyasının dam hissəsində quraşdırılmış havalandırma sistemində baş vermiş qısa qapanma nəticəsində yanğın baş verib.
Əraziyə təcili cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələrinin səyi ilə yanğın qısa zamanda - saat 22:18-də söndürülüb.