Səudiyyə Ərəbistanının milli neft və qaz şirkəti "Saudi Aramco", Hörmüz boğazının faktiki bağlanması səbəbilə ixracı Qırmızı dənizdə yerləşən Yanbu limanına yönləndirmək imkanını dəyərləndirir.
SEPAH heç bir tankerin Hörmüz boğazından keçməsinə icazə verməyəcəyini açıqlayıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Bloomberg News-un mənbələrə istinadən yaydığı məlumata görə, "Saudi Aramco" Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilindəki Yanbu limanından neft tədarükünün mümkün olub-olmadığını araşdırmaq üçün Asiyadakı bəzi müştərilərinə sorğular ünvanlayıb. Mənbələrdən biri bildirib ki, daşıyıcı şirkətlər də yükləmələri Fars körfəzindən Yanbuya yönləndirə bilib-bilməyəcəklərini araşdırdıqlarını ifadə ediblər.
"Saudi Aramco" xam neftinin böyük hissəsini adətən Körfəz daxilindəki limanlardan ixrac edir. Lakin İrana hücumlar nəticəsində Hörmüz boğazı faktiki olaraq bağlanıb və gəmilərin yığılması müşahidə olunub. Dünyanın ən böyük neft ixracatçısı olan şirkət ölkənin şərq yataqlarından qərbdəki Qırmızı dəniz sahillərinə neft nəql edə bilən və gündəlik 5 milyon barel ötürmə gücünə malik boru kəmərinə sahibdir.
"Saudi Aramco" məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Şirkət Yaxın Şərqdə genişlənən müharibənin nəticələri ilə birbaşa üzləşib. "Saudi Aramco" Fars körfəzində yerləşən Ras Tanura bölgəsindəki ən böyük neftayırma zavodunu pilotsuz uçuş aparatı hücumundan sonra bağlamağa məcbur olmuşdur. Dəniz nəqliyyatındakı ləngimə regiondakı anbar çənlərinin dolması və bunun nəticəsində hasilatın məhdudlaşdırılması ilə bağlı narahatlıqları da artırıb. (Marja)











