Son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Eləcə də bax: "Samur" gömrük postundan keçən yük maşınlarının sıxlığının səbəbi - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilir ki, buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır: “Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir”.
Komitə bir daha bildirir ki, Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir: “Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir. Hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq”. (Report)