“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin may 10-da Bakının Sabunçu qəsəbəsində yenidən qurulan dəmir yolu stansiyasını istifadəyə verəcək.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.
“Beləliklə, Bakının mərkəzindən Sabunçu qəsəbəsinə qədər dəmir yolu marşturu açacağıq. Bunun üçün yeni qatarlar sifariş edilib, həmçinin əlavə iki qatarımız var. Əvvəllər bu məsəfəni yarım saata getmək mümkün idisə, artıq bu müddət 10 dəqiqə olacaq. Qatarlar bir saatdan bir hərəkət edəcək”, - deyə o, qeyd edib.
Eləcə də bax: Azərbaycanla İran “Scania” avtobusları - İSTEHSAL EDƏCƏK
Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Sabunçudan Sumqayıta qədər olan dəmir yolunda isə işlər ilin sonuna qədər yekunlaşacaq.
“Abşerondakı dairəvi dəmir yolu xəttində aparılan işləri 1-2 aya bitirəcəyimizi düşünürdük, amma orada iş çoxdur. Xətt boyu avtomobil yolları ilə kəsişmələr var. Bunları aradan qaldırmaq üçün çalışırıq ki, bütün keçidlər yerin altında olsun, bununla da təhlükəsizlik və rahatlıq təmin edilsin”, - deyə ADY sədri əlavə edib.