Dağıstanın Yaraq-Kazmalyar keçid məntəqəsində Azərbaycanla sərhəddə yük daşımaları üçün əlavə zolaq istifadəyə verilib.
Eləcə də bax: Rusiya Azərbaycana malların yeni çatdırılma variantını - NƏZƏRDƏN KEÇİRİR
FED.az xəbər verir ki, Şimali Qafqaz Gömrük İdarəsinin mətbuat xidmətindən çərşənbə günü jurnalistlərə bildiriblər ki, bu, məntəqənin keçid qabiliyyətini 100 yük avtomobili artıracaq.
"Azərbaycanla sərhəddə, Yaraq-Kazmalyar keçid məntəqəsində yük avtomobillərinin gömrük ərazisindən çıxışı üçün əlavə zolaq istifadəyə verilib. Bu zolaq məntəqənin keçid qabiliyyətini gündə 100 yük maşını artırır və növbədə gözləmə müddətini əhəmiyyətli dərəcədə azaldır".
Qeyd olunur ki, bu keçid məntəqəsində yük normadan 1,5 dəfə çox olmaqla hər iki istiqamət üzrə sutkada 500-550 avtomobil təşkil edir.
"Anti-Rusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yükdaşıma əlaqəsini əngəlləmək üçün birbaşa cəhdlər kontekstində Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyəti və tələbat xüsusilə artır. Bu dəhliz Azərbaycan, Türkiyə və İrandan Rusiyaya malların, ilk növbədə təzə tərəvəz və meyvələrin çatdırılmasında mühüm əhəmiyyətə malikdir”, - deyə Rusiya Federal Gömrük Xidməti rəhbərinin birinci müavini Ruslan Davıdov bildirib.
Yaraq-Kazmalyar 2020-ci ilin iyul ayından iş dayandırılmadan yenidən qurulur. Keçid məntəqəsinin yenidən qurulmasında məqsəd onun keçid qabiliyyətini artırmaq, nəzarət prosedurlarının həyata keçirilməsi vaxtını azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. Yenidənqurma işlərinin nəticələrinə görə, Yaraq-Kazmalyar beynəlxalq keçid məntəqəsinin buraxılış qabiliyyəti sutkada 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4000 nəfər olmalıdır. (Marja)