Yerüstü Nəqliyyat Agentliyi şəhərlər arası sərnişin daşımaları üzrə avtobusların vəziyyətini açıqlayıb.
Agentlikdən FED.az-a verilən məlumata görə, hazırda Bakıdan digər şəhər və rayonlara 253 müntəzəm avtobus reysi fəaliyyət göstərir. Bunlardan 178 reys üzrə müsabiqələr keçirilərək qalib daşıyıcılar müəyyən edilib.
Bu müsabiqələr əsasında sərnişindaşımaya 67 yeni və müasir avtobus cəlb olunub. Bu isə avtobus parkının 22,5%-nin müasir nəqliyyat vasitələrilə əvəzlənməsi deməkdir.
Bakı-Bərdə və Bakı-Tərtər istiqamətləri üzrə bütün müsabiqələr yekunlaşıb. Nəticədə mövcud avtobus parkının orta yaşı 21 ildən 10 ilə qədər azalıb.
Ölkənin şimal istiqaməti üzrə də bütün müsabiqələr bitib. Quba, Qusar, Xaçmaz, Xudat, Şabran və Siyəzən istiqamətləri üzrə reyslərə 19 yeni və müasir nəqliyyat vasitəsi cəlb olunub. Bu, avtobus parkının 22,6%-nin yenilənməsi deməkdir.
Paytaxtdan müxtəlif şəhər və rayonlara fəaliyyət göstərən reyslərin 92%-i onlayn bilet satışı üçün “biletim.az” portalına inteqrasiya olunub.
Artıq AYNA tərəfindən sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin 68,5%-i GPS avadanlığı ilə təchiz olunub və bu iş davam etdirilir. Bu nəqliyyat vasitələri Monitorinq Mərkəzi tərəfindən mütəmadi olaraq izlənilir.
AYNA bildirib ki, avtobus marşrutları üzrə müsabiqələr mərhələli şəkildə keçirilir və bütün istiqamətlər üzrə sərnişindaşıma fəaliyyətinə yeni və müasir avtobusların cəlb edilməsi nəzərdə tutulur.