Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın nüvə enerjisi üzrə dövlət korporasiyası “Rosatom”un nümayəndə heyəti arasında görüş olub.
FED.az xəbər verir ki, 360 təşkilatı özündə birləşdirən nüvə enerjisi üzrə beynəlxalq korporasiya şirkəti və Azərbaycan tərəfinin rəsmiləri ümumi əlaqələrin durumu, gələcək perspektiv üzrə müzakirələrin keçirilməsi haqqında danışıqlar aparıblar.
Eləcə də bax: İqtisadiyyat Nazirliyində - YENİ TƏYİNATLAR
Tərəflər nüvə elmləri, nüvə və radiasiya texnologiyaları, nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşdə Rusiya tərəfindən “Rosatom” şirkətinin direktor müavini Spasskiy Nikolay Nikolayeviç, Merten Aleksandr Aleksandroviç və “Rusatom” Beynəlxalq Şəbəkəsinin direktoru iştirak edib.
Görüş zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi ilə “Rosatom” dövlət korporasiyasının qurumları arasında kadr hazırlığı, nüvə-elmi tədqiqatlar işinin aparılması və gələcək perspektivlər müzakirə edilib.
Danışıqların əsas mövzusu “Rosatom” şirkəti ilə Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzi arasında nüvə fizikası və reaktoru sahəsində mütəxəssisin hazırlanması, gələcəkdə bu işlərin genişləndirilməsi olub.
Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin böyük nüvə reaktoru və digər avadanlıqların olmadığını nəzərə alaraq “Rosatom” şirkətinin qurumları ilə bu istiqamətdə geniş işlər görüləcəyi qərara alınıb.
Bundan başqa milli nüvə, elmi tədqiqat obyektlərinin qurulması, iki şirkət arasında bu istiqamətdə qarşılıqlı memorandumun diplomatik qaydada imzalanması məsələsinə də toxunulub.
Növbəti mərhələdə “Rosatom” şirkətinin böyük nümayəndə heyətinin Azərbaycana gəlişi və nüvə konfransının keçirilməsi planlaşdırılır. Azərbaycanlı mütəxəssislərin mütəmadi olaraq “Rosatom” şirkətinin keçirdiyi layihələrdə iştirakı və təcrübə mübadiləsi nəzərdə tutulub.
Ramin Quluzadə “Rosatom”un nümayəndə heyəti ilə görüşüb
17:09
24 May 2019