Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı "Avro-5" ekoloji standartına uyğun olmalıdır. Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə "Avtomobil nəqliyyatı haqqında" Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.
Qanunda edilmiş dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Taksilərə bu cür tələblərin qoyulmasının qiymət artımına səbəb olacağı da deyilir. Maraqlıdır, Bakıətrafı qəsəbələrdən mərkəzə hərəkət edən və paytaxt daxilində fəaliyyət göstərən el arasında dediyimiz "Manatlıq taksi"lərin aqibəti necə olacaq?
Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bildirib ki, taksi haqqında qəbul edilmiş qərar çərçivəsində taksi fəaliyyəti ilə məşğul olmaq mümkündür:
"Taksilərin keyfiyyətini artırmaq, taksidə olan nöqsanları aradan qaldırmaq üçün taksi haqqında müntəzəm qanunlar qəbul olunur. Bu, məhz taksidə olan nöqsanları aradan qaldırmaqdan dolayı zəruridir. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülər qeydiyyatdan keçməlidirlər. Ancaq bu halda qanunun tələbinə uyğun şəkildə taksi kimi fəaliyyət göstərə bilərlər. Başqa cür məşğul olsalar, cərimələnəcəklər".
Ekspert vurğulayıb ki, "1 manatlıq" taksilərin sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyillər:
"Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərinin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər. Lakin qanun qüvvəyə minəndə həmin sürücülərə İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq ediləcək" (Avtosfer.az).