Bakı şəhərinin avtobus parkı ekoloji təmiz nəqliyyat vasitələri ilə gücləndirilib.
FED.az xəbər verir ki, bunu “Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
AYNA sədri bildirib ki, Bakı şəhərinin avtobus şəbəkəsində 166 elektrikli avtobus və 55 ədəd ekoloji təmiz “sevgi avtobusları” əlavə olaraq istismara verilib. Bu il ərzində özəl daşıyıcılar tərəfindən təxminən 400-ə yaxın əlavə ekoloji təmiz avtobusların alınaraq ölkəyə gətirilməsi və Bakı şəhərində istismara verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Bakı şəhərində avtobus zolaqları şəbəkəsi genişləndirilib və avtomatlaşdırılmış avtobus marşrut şəbəkəsinin tətbiqi həyata keçirilir.
Anar Rzayev qeyd edib ki, görülən işlərin nəticəsi olaraq Bakı şəhərində 2023-cü illə 2024-cü ilin yekunlarını müqayisə etdikdə, avtobus daşımalarında altı faizlik artım müşahidə olunur. Təxminən 30 milyon sərnişin əlavə olaraq daşınıb.
O həmçinin vurğulayıb ki, avtobusların sayının artırılması nəticəsində bir avtobusda gün ərzində daşınan sərnişin sayı 2023-cü ildə 630 nəfər idisə, bu göstərici 2024-cü ildə 620 nəfər, 2025-ci ildə isə 560 nəfər olub. Bu isə onu göstərir ki, şəhərdə kifayət qədər avtobus mövcuddur.