Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti cümə günü - aprelin 1-də Aktau şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna ilk reysini həyata keçirib.
Bu barədə FED.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Bu həftədən etibarən aviaşirkət Aktau-Bakı-Aktau marşrutu üzrə həftədə iki dəfə - cümə və bazar günləri uçuşlar həyata keçirəcək.
“FlyArystan” aviaşirkətinin ilk reysinin Heydər Əliyev Beynəlxalq Aeroportunda necə qarşılandığı haqqında qeyd edilən videoçarxda baxa bilərsiniz:
Xatırladaq ki, aprel ayında Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkəti də Qazaxıstana uçuşlar həyata keçirməyə başlayacaq. Belə ki, 5 aprel tarixindən etibarən aviaşirkətin Bakı-Aktau - Bakı marşrutu üzrə reysləri həftədə üç dəfə - çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcək.
Səyahət etməzdən əvvəl bütün sərnişinlərə COVID-19 pandemiyası zamanı qüvvədə olan hər iki ölkəyə giriş qaydaları haqqında son məlumatlarla tanış olmaları tövsiyə olunur.