Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsinin ilk günlərindən “166 Yükdaşıma və Logistika” şirkəti ordumuza dəstək məqsədilə “Qarabağa doğru” layihəsinə start verdi.
FED.az xəbər verir ki, layihə çərçivəsində şirkət 44 gün ərzində cəbhəyə və cəbhəyanı bölgələrə təmənnasız olaraq 1000 tondan artıq yük daşıdı.
Belə ki, 350-dən çox fərdi şəxs, 37 şirkət, təhsil müəssisələri və digər qurumların dəstəyilə Füzuli, Ağdam, Tərtər, Goranboy, Bərdə və Beyləqan istiqamətlərinə yardımlar çatdırıldı. Bundan əlavə, şirkət hərbi təyinatlı texnika və yüklərin də daşınmasında dəstəyini əsirgəməyib.
“Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuzun şücaəti, əzmkarlığı və qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyan tarixi qələbəni qazandıq. Bu münasibətlə bütün Xalqımızı təbrik edir və şəhidlərimizin ruhu qarşısında baş əyirik! “Qarabağa doğru” layihəsini həyata keçirmək üçün birlik nümayiş etdirərək iştirak edən hər bir şəxsə öz təşəkkürümüzü bildirir və layihənin icrasından qürur duyuruq.” – şirkətdən bildirildi.